Şəhid olan polislərimiz kimlərdir?

Xəbər verdiyimiz kimi, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.

Metbuat.az-ın məlumatına görə, bu barədə Respublika Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi Və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir. Məlumatda bildirilir ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər: "Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş, qalanları qaçaraq ərazini tərk etmişlər."

Qeyd olunur ki, görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib: "Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar”.

Qeyd edək ki, Balakişiyev İlqar Məmməd oğlu uzun müddət Gəncə Şəhər Baş Polis İdarəsində işləyib. O, ulu öndər Heydər Əliyevin prezidentlik müddətində Gəncə şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsinə çalışıb. Şəhid polisimiz Heydər Əliyev tərəfindən 2002-ci ilin iyun ayının 30-da “İgidliyə görə” medalı ilə təltif olunub.

Polis polkovniki İlqar Balakişiyev Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsusilə fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə təltif edilənlər arasında olub.


Şəhid polisimiz Səməd Abbasov isə bir neçə gün əvvəl prezident İlham Əliyev tərəfindən təltif olunan zabitlərimizdən olub. Belə ki, Səməd Abbasov ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə “İgidliyə görə” medalı ilə təltif olunub. O, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, “Lefortovo” məhbusu Seyid Tahir Qarabağinin qardaşıdır. Abbasovlar ailəsi hər zaman Azərbaycan dövlətçiliyini qoruyublar.

Qeyd edək ki, fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlardan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR