.

Aysel Qaybaliyeva

Köşə yazarı

20:13 04 İyul 2020 15740
A- A+

Cəmiyyətin inkişafında etikanın yeri və rolu - Aysel Qaybaliyeva yazır...

Cəmiyyətimizin ayrılmaz bir parçası olan etika dərin bir anlayışdır və fəlsəfi elmlər sistemində mühüm yer tutur.

İnsan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqları haqqında elmin bir parçası kimi həyatımıza daxil olmuş bu anlayış ilk dəfə olaraq yunan filosofu Aristotel tərəfindən fəlsəfəyə verilən addır. Bununla da, o, cəmiyyətdə var olan müxtəlif adət-ənənələrin yaranmasını nəzərdə tuturdu. Hansı ki, bu adət-ənənələr müxtəlif forma və üsullarla dövrümüzə qədər gəlib çatmış və cəmiyyətimizin əsas anlayışlarından biri olmuşdur. Bu dövrdə etikanı fəlsəfənin özü kimi qəbul etsələr də, vurğulaya bilərəm ki, onun tarixi daha qədim dövrlərə dayanır və fəlsəfənin bir qolu kimi qəbul edilir. Ibtidai dövrdə insanların bir sıra vərdişləri qəbul etmələri, adət-ənənələr, qaydalar və qadağalar əsasında yaşamaları o dövrlərdən etikanın mövcudluğunu sübut edirdi.

Etika fəlsəfənin bir qolu kimi həyatımızda təzahür edir və o bir elm olaraq insanlar arasında müxtəlif ictimai münasibətlərin - xeyirxahlıq, qarşılıqlı hörmət, əməyə təlabat, bəşəriyyətə xidmət etmək istəyinə, dərin və incə hisslərin formalaşmasına gətirib çıxardır. Etika haqqında heç düşündünüzmü? Dövrümüzdə bir sıra fərdlər bu sualın cavabını ümumilikdə belə qəbul edir: “Etika bir neçə vacib qaydalar toplusudur”. Lakin, düşünürəm ki, biz bu anlayışı bu qədər sadə formada qəbul etməməliyik. Qısa olaraq belə bir izah verə bilərəm ki, etika müxtəlif növlərə bölünən etiket qaydalarından ibarətdir ki, bu qaydalar vasitəsilə biz cəmiyyətdə var oluşumuzu əyani olaraq sübut edirik. Cəmiyyətdə var oluş öz əksini müsbət və mənfi formalarda tapa bilər. Bu isə insanların seçimlərindən asılıdır. Seçimlər də eynilə digər insani keyfiyyətlər kimi - dünyagörüşü və qarşılıqlı münasibətlərdə olduğu kimi, fərdlərə görə dəyişir. Buna görə də etikanı ümumi qaydalar toplusuolaraq düşünmək yalnışdır, çünki bu anlayışı hər kəs real həyatda qavraya bilmir Etikanı qəbul edən, onu həyatında əks etdirən insanlar da özlərinə xas formada bunu təzahür etdirirlər. Bu zaman eyni situasiyalarda fərqli münasibətlər ortaya çıxır. Bu nümunələr əsasında düşünürəm ki, etika özündə müxtəlif qaydaları birləşdirsə də, ümumilikdə o bir seçimdir.

Etiket qaydalarını bilmək həm öz həyatımızı, həm də başqalarının həyatını rahatlaşdırmaq üçün mükəmməl bir metoddur. Hansı qaydalara riayət etməyi biləndə özümüzü daha rahat hiss edə bilər və diqqətimizi mövzuya daha rahat yönləndirə bilərik. Bu da bizim həyatımızda baş verən hadisələrin nəticələrinə uyğun seçimimizdir. Düşünürəm ki, doğru formada etika anlayışını qavramaq üçün bu suala cavab tapmaq yetərlidir. "Mən bu situasiyada necə davranmalıyam?" Hər nə qədər tapılmış düzgün cavab bizə düzgün formada özümüzü insanlar arasında aydın və nəzakətli yansıltmağa imkan versə də, bu bir faktdır ki, hər zaman bu suala doğru cavab tapmaq olmur. Bəzən elə məqamlar olur ki, etika adlandıraraq sərgilədiyimiz duruş bizi yanıldır. Doğru yolda atılan yalnış addımlar həyatımızı alt-üst etmək dərəcəsinə belə gətirə bilər və mədəni həyatdan bizi xaric edə bilər. Hətta bu yalnış addımlar bizi sevdiklərimizdən, dəyər verdiklərimizdən, cəmiyyətdə var olan digər fərdlərdən uzaqlaşdıra bilər. Mənəviyyatımız sərvətimizdir. Düşünsək ki, səmimi münasibətlər və gerçək dostluqlar həyatımızda qazandığımız sərvətin dəyərli bir hissəsini təşkil edir, belə mənfi hallar isə bir daha onu göstərir ki, bir insan üçün düşünmədən atılan addımlar, başqalarının yönləndirmələri ilə alınmış qərarların tətbiqi, cəmiyyətdə fərdlər arasında qarşılıqsız dəyərlərin formalaşması şəxsiyyətimizdə ən ağır itkiyə-mənəviyyatın yox olamsına gətirir. Etiket qaydaları isə belə itkilərin baş verməməsinə kömək edən simvollardır. Bizim bu simvolları qəbul etməyimiz həyata keçirməyimiz isə şüurumuzdan asılıdır. Həyatımızda uğur qazanmaq üçün də başqalarına nəzakət və xeyirxahlıqla yanaşmaq çox vacibdir.

Yaxşı davranış yalnız cəmiyyətdə gözə çarpmaq, diqqət çəkmək üçün deyil, əksinə yaşından, düşüncəsindən, irqindən asılı olmayaraq görüşdüyümüz hər kəsə eyni nəzakətlə və hörmətlə yanaşmağımızı təmin edən bir yoldur. Bu yol doğru zamanda və doğru məkanda bütün qapıları aça bilər. Əks təqdirdə isə hər şey alt-üst olar. Etika müəyyən kontekstdə tətbiq olunan qaydalar toplusu olaraq ölkələrin mədəniyyətindən və adətlərindən asılı şəkildə dəyişir, coğrafi məkana uyğunlaşdırılır. Lakin, yaxşı davranış yerindən, məkanından asılı olmayaraq hər yerdə öz əksini müsbət formada göstərir.

Cəmiyyətlərarası fərqliliklər düşüncə tərzindən asılıdır və bu da özünü insan zehniyyətində təzahür etdirir. Bütün cəmiyyətlər üçün keçərli olan vacib amil odur ki, etika insanları ən təhlükəsiz formada istiqamətləndirən yol xəritəsidir. Yetər ki, bu yol xəritəsinə uyğun doğru addımlar atılsın. Bu zaman özümüzü ən yaxşı formada xarici dünyaya təqdim edə bilərik.

RƏYLƏR

DİGƏR KÖŞƏ YAZILARI