Ağlım kəsəndən rəhmətlik atamın dilindən bu sözləri eşitmişəm: "Siqaretdən uzaq ol!"

Siqaretə qarşı antipatiyam elə o vaxtdan, məktəb illərindən başlayıb. Sinfimizdə siqaret çəkən uşaqlarla yaxınlıq etmirdim. Beş il tələbə oldum, siqaretdən uzaq qaldım. Bir il Vətən sərhədlərinin keşiyində dayandım, amma bir dəfə də siqaret çəkən əsgər yoldaşlarımın yanında dayanmadım...

Qırx il əvvəl siqaretlə bağlı atamın mənə dediyi sözləri 15 il əvvəl oğluma dedim. Mən atamı eşitdiyim kimi, o da məni eşitdi. Tütün məmulatlarının istehsalı ilə məşğul olan firmalar bizi ailəlikcə düşmən elan edə bilərlər...

İş həyatı bir qədər fərqli olur. Övladına verdiyin məsləhətləri, dediyin sözləri iş yoldaşlarına deyə bilmirsən. Hətta bəzən məclislərdə iş yoldaşların səni üzə salıb barmaqlarının arasına bir siqaret dürtdüşdürə bilir.

Sözümün canı var, istəsən də, istəməsən də, siqaret çəkən insanlarla tez-tez eyni məclisdə olursan.

İş yoldaşlarım arasında siqaretə xüsusi məhəbbəti ilə seçilən adamlar az deyil. İyirmi beş il əvvəl də belə idi. Həmişə onlarla məsafə saxlamağa çalışmışam. Amma söhbət maraqlı olanda aradakı məsafə də qısalır...

Üç gün əvvəl işdən evə qayıdanda anam məni bərk danladı. Hansı günahın sahibi olduğumu bilmədiyim üçün səbrlə onun sözlərini tamamlamasını gözlədim. Əvvəl deməli olduğu sözü lap axırda dedi: "Siqaret çəkirsən? Paltarlarından o zəhrimarın qoxusu gəlir".

Məsələ aydın idi. İş yoldaşım hörmətli Cəfər müəllimin maraqlı söhbətinə aludə olub siqaret çəkən həmkarlarımla aradakı məsafəni yenə qısaltmışdım...

Ətraflı izahat verib anamı məsələdən hali edəndən sonra onun məzəmmətindən canımı qurtardım.

Dünən axşam iştirak etdiyim məclisdə bu barədə danışanda ev sahibinin tələbə oğlu heyrətini gizlədə bilmədi: "Əmi, sizin sinif yoldaşlarınız babadır. Bu yaşda da ananız sizi danlayır?"

Dedim ki, valideyn üçün övladın hansı yaşda olmasının fərqi yoxdur. Rəhmətlik Rahilə xanım ustad jurnalist İlqar Əlfiyə zəng edib "yeməyini vaxtında ye", "özünü soyuğa vermə" deyəndə İlqar müəllimin yaşı 60-a yaxınlaşırdı.

Bir də dedim ki, valideynin danlamadığı uşağı polis, prokuror danlayır.

Seçim siz gənclərindir...

Seymur Verdizadə