Ad,Soyad | Səkinə İsmayılova |
Yaş | 4 Fevral 1956 (68 Yaş ) |
Vəzifə | Müğənni |
Yenilənmə tarixi | 31-12-2016 |
Səkinə Qulu qızı İsmayılova 4 fevral 1956-cı ildə anadan olub.
Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). Əməkdar artist (1988), xalq artisti (1992) Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir.
Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa etmiş və etməkdədir.
Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində - İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil etmişdir. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir.
Təcrübəli muğam ustası rəsmi dövlət və yubiley tədbirlərinin fəal iştirakçısı olmaqla bərabər, son illərdə Heydər Əliyev adına Sarayda, və Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi solo konsertlərlə də tamaşaçılarının rəğbətini qazamışdır. Səkinə İsmayılova Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir. Onun yetirmələri bu gün müxtəlif musiqi kollektivlərində uğurla çıxış edir və populyardırlar. Prezident mükafatçısıdır. 24 fevral 2016-cı ildə Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.