Ad,Soyad | Gülağa Məmmədov |
Yaş | 28 İyun 1925 (99 Yaş ) |
Doğulduğu yer | Lənkəran |
Vəzifə | Müğənni |
Yenilənmə tarixi | 24-12-2016 |
Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb. Atası çəkmətikən, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb.
Uşaqlıqdan Musiqiyə böyük marağı olan Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.
Gülağa Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun Səni gördüm, aşiq oldum ariyası böyük alqışlarla qarşılanır.
Üzeyir Hacıbəyov onun ailəsi, yaşam tərzi haqqında bütün məlumatları da öyrənibmiş. Moskvadan gümüş medal və fəxri fərmanla qayıtdığını eşidəndə isə Gülağanı anasıyla birgə yanına çağırırır və tapşırır ki, ev seçmək üçün xoşlarına gələn ünvanı göstərsinlər. Mirzəağa Əliyev küçəsində yerləşən ikiotaqlı həyət evi onların xoşuna gəlir. Üzeyir hacıbəyovun dəstəyi ilə Gülağa Məmmədovun ailəsinə ikiotaqlı mənzil və aya 250 manat təqaüd ayrılır.
Lənkərandakı Kiçik Bazar məhəlləsi üçün darıxan Gülağa Bakıda yaşadığı həyətlə təskinlik tapır. Yenə həyətdəki tay-tuşlarını başına yığıb, onlar üçün müxtəlif mahnılar ifa edir. Bəzən səsinə həyətdən, küçədən böyüklər də gəlib ona qulaq asırlar. O zaman Gülağanın çıxışları konsert proqramına dönür.
Gülağa 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir. Sonra Konservatoriyada təhsil alır. O, 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. Arşın mal alan, Beşmanatlıq gəlin və digər tamaşalarda baş rolları oynayır. Lakin bir neçə ildən sonra teatrdan ayrılır. Konservatoriyada oxuduğu illərdə Gülağa vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənmişdi. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus olurdu. Çünki, Səid Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazırdı. Tofiq Quliyevin də, Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirən Gülağa Məmmədov olub.
Gülağa Məmmədovla Aliyə xanım uzun illər övlad həsrəti çəkiblər. Hətta həkimlər onlara Aliyənin uşaq dünyaya gətirə bilməyəcəyini deyiblər. 1956-cı ildə - evləndikləri vaxtdan on il keçəndən sonra taleləri üzlərinə gülüb. Onların yeganə övladları - Gülarə dünyaya gəlir. Gülarə xanım atasıyla bağlı xatirələrini danışarkən belə deyir: "Atam sürpriz etməyi xoşlayırdı. Onun bu ailədə ən böyük sürprizi, anama ən böyük, ən qəribə, gözlənilməz hədiyyəsi, söz yox ki, pasportuna vurdurduğu evlənmələri barədə möhür olmuşdu. Sonralar da anama həmişə sürprizlər edib. Heç nə demədən evdən anamın şəklini, pasportunu aparıb, bir müddət sonra "Hazırlaş, xaricə gedirik" - deyə aldığı putyovkanı ona uzadıb. Onlar birlikdə, demək olar, dünyanın az qala yarısını gəziblər. Anam özü deyərdi ki, Ərəbistan, İtaliya, Almaniya, hətta Afrikayadək gedib çıxıblar. Atamı xatırlayanda tez-tez uşaqlıq illərim yadıma düşür. Məni özü ilə iş yerinə aparırdı. Artıq orada hamı məni yaxşı tanıyır, hər gəlişimi sevinclə qarşılayırdılar. Orkestrdə bir kamançaçalan vardı. Mən qapıda görünən kimi kamançada adımı səsləndirərdi. Bu elə xoşuma gəlirdi ki. Atam iş yerində məni dahi sənətkarlarla tanış edərdi. Onların çoxunu evimizdə də dönə-dönə görmüşəm. Bizə atamın sənət yoldaşları - müğənnilər, musiqiçilər, bəstəkarlar tez-tez gələrdilər. Evimiz çox qonaq-qaralı olardı. Anam evdar qadın idi. İki gündən bir atamın başına bu qədər adamın toplaşmasından narazılıq eləməzdi. Əslində, biz buna alışmışdıq. Elə bilirdik, belə də olmalıdır".
Sənətkarın qızı atası ilə bağlı xatirəsində həm də bunları söyləyib: "Müğənnilik sənəti atama dostlar qazandırdı. Şövkət Ələkbərovayla çox yaxın idilər. Onlar səhnəyə bir gündə gəliblər. Atam həddindən artıq uşaqcanlı idi. Balaca olanda məni necə sevib-əzizləyərdisə, sonralar nəvələrinə də elə meyil göstərərdi. Onun həyatda iki amalı vardı: ailəsini, balalarını xoşbəxt görmək, bir də Tanrının qismət etdiyi səsinin qədrini bilmək. Tez-tez qastrol səfərlərinə gedərdi. Evimizə qayıdanda elə bil dünyanın naz-nemətlərini ona verərdilər. Sevinərdi, fərəhlənərdi. Səhər tezdən evdən çıxardı, çəkilişlərdə, səsyazma studiyasında, məşq zalında çalışardı. Gecəyarı gəlsə də, gileylənməzdi. Çünki sənətindən həzz alardı. Əziyyəti də hədər getməmişdi. Xeyli mükafatlar almışdı. Əvvəl əməkdar, az keçmiş xalq artisti fəxri adlarına layiq görülmüşdü".
Gülağa Məmmədov şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrləriylə birgə çıxışlar edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.
Gülağanın həmçinin yaxşı muğamat oxumağı olub. Ancaq efirdə muğam oxumayıb. Bu barədə ona sual verəndə "oxuyacağam" - deyə cavab verərmiş. Tez-tez qastrollarda olan sənətçi rahatlığı ancaq öz vətənində taparmış.Ümumiyyətlə, çox ölkələrə səfər etmişdi. Nədənsə, Gürcüstan və İrəvanda daha çox sevilirdi. Hətta İrəvanda konsert verən zaman qalmaqal da əskik olmurdu. Belə ki, bütün biletlər satıldığından onun səsini eşitmək istəyən camaat biletsiz içəri daxil olur, ya da konsert salonunun qabağına toplaşırdı. Milislər onları uzaqlaşdırmağa çalışanda isə böyük səs-küy qopurdu.
Gülağanın bir xasiyyəti də var imiş - haqsızlığa, ədalətsizliyə dözən olmayıb. Hansısa işi irəli getsin deyə, kiməsə yalvarmaq, minnətçi düşmək istəməyib. Deyirlər ki, o, düzgünlüyü sevirdi. 1942-ci ildən radionun Bədii Şurasının üzvü idi. Şit, bayağı mahnı olanda öz fikrini qəti şəkildə bildirərmiş: "Efirə buraxmaq olmaz!" Şuranın digər üzvləri də "baş üstə" deyib onun fikrilə razılaşırdılar. Lakin bir az keçəndən sonra həmin mahnını eşidirdi. Bu cür hallar tez-tez təkrarlandığından o, bu vəzifədən imtina edir.
Sağlığında gördüyü haqsızlıqlar ölümündən sonra da davam edir. Aliyə xanım bu günə qədər G.Məmmədovun adının əbədiləşdirilməməsindən şikayətçidir. Deyir ki, yaşadığı binaya adicə bir xatirə lövhəsi də vurulmayıb. Elə sənətkarı yada salmaq üçün ailəsi müraciət etməməlidir.
Ölümündən sonra, 2002-ci ildə "Azərbaycantelefilm" şirkəti Gülağa Məmmədov haqqında Qısametrajlı Sənədli Televiziya Filmi çəkib. Bakıda çəkilən Filmdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin videoarxiv materiallarından istifadə olunmuşdur. Filmdə "Dəli Kür" filmindəki kadrlardan istifadə edilmişdir.
Filmin ssenari müəllifi Kamil Şahverdi, rejissor Elçin Musaoğlu, operator Elxan Nəbiyevdir. Filmdə bəstəkar Vaqif Mustafazadənin musiqisindən istifadə olunub. Filmdə Gülağa Məmmədovun həyat yoldaşı Aliyə Məmmədova, qızı Gülarə, nəvəsi Ramiz də iştirak edib.