Ad,Soyad | Nisə Qasımova |
Yaş | 13 Fevral 1954 (70 Yaş ) |
Doğulduğu yer | Bakı |
Vəzifə | Müğənni, aparıcı |
Boy | 164 |
Çəki | 61 |
Yenilənmə tarixi | 28-12-2016 |
Azərbaycan musiqisinin əfsanəvi nümayəndəsi Nisə Fətulla qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan sarı saçları, yaşıl gözləri və qeyri-adi gözəlliyi ilə yaxınlarından seçilən müğənni musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır. Atası Fətulla kişinin tam fərqli sahədə yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır.
Beləcə 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur. "Günəş adlı yaxın dostum var mənim" məxsusi olaraq onun üçün yazılan bu mahnı ilə ən müxtəlif konsert proqramlarında çıxış edən bu sarışın, gülərüzlü qız tez bir müddətdə müəllimlərinin sevimlisinə, kolleqalarının isə paxıllıq obyektinə çevrilir. Çox keçmir ki, gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki " Lalə qızlar ansamblı"na solist kimi dəvət olunur. Hələ yeniyetmə yaşlarından milli musiqimizdən qaynaqlanıb dünya səhnəsi ulduzlarından ilham alan müğənni ansambldakı konsertlərdə çoxdilli repertuarı, fərqli səs imkanları və ən nəhayət o zaman üçün böyük yenilik olan dinamik səhnə rəqsləri ilə diqqəti cəlb edirdi. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır. Bəlkə də bu olay gələcəkdə hər iki xanım müğənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olur.
1972-1973 illərdə biri birinin ardınca "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları xalq tərəfindən sevilir və gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edir. Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı Tiflisdə Nisə xanımın ilk kasetləri də işıq üzü görür. Hər çıxışında dinləyicilər tərəfindən nəhəng sevgi və izdahamlı alqışlarla qarşılanan sarışın müğənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayağı olması onun haqqında ağlasığmaz şaiyələrin yayılmasına səbəb olur. Kimi onu "Alman Gəlinciyi" adlandırır, kimi isə anasının alman və ya ukrain olması haqda fikirlər irəli sürürdü. Elə bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən "Azərbaycan qızıyam" mahnisını ifa edir. 1975 ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi " Laylay" (Şəfiqə Axundova), "Sədaqətim var" (Ələkbər Tağıyev), "Bayatı Şiraz təsnifi" ilə daxil olan Nisə xanım artıq Azərbaycan Dövlət televiziyasının solisti kimi çalışmağa başlayır. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansambla birgə "Gül bir az", "Gözləyəcəyəm", "Leyla" və. s. mahnılarından ibarət albom lentə aldırır. Nisə xanimın Moskvadakı çıxışları zamanı məşhur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc müğənninin ifaçılıq və səhnə istedadına valeh olur.
Yaradıcılığında Alla Puqacova, İrina Alleqrova, Filipp Kirkorov kimi rus estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusi olaraq Nisə xanım üçün Azərbaycanda sonralar çox seviləcək "Xaxatunya", "Kaspiyskiy vals"və s. kimi mahnılar yazır. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur. Şöhrətin zirvəsində olan gənc müğənni xalqın sevgisini qazansa da bununla bərabər bəzi kolleqalarının qəzəbini də qazanırdı.
Tez bir müddətdə belə başdöndürən uğurlar qazanan gənc və prespektivli sənətçi elə öz sənət yoldaşlarının sifarişi ilə dəfələrlə təqiblərə və qadağalara məruz qalırdı. Növbəti qalmaqal isə 1975-ci ildə baş verdi. "Leyli və Məcnun" operasının televiziya versiyasında Leylini məharətlə ifa edən Nisə xanım tezliklə Mehdi Məmmədov, Bəhram Mansurov, Nicat Melikov kimi dövrün ziyalılarının təklifi ilə Opera və Balet teatrında Leyli rolunu ifa etmək üçün dəvət alır. Nisə xanımın hələ televersiyadakı uğurundan xoflanan səhnəmizin bəzi "Leyli"ləri bu səhnələşdirmənin qarşısını almaq üçün hər vasitəyə əl atırlar. Artıq yaradıcı heyyətlə məşqlərə başlamalarına baxmayaraq yuxarı orqanların göstərişi ilə layihə dayandırılır. Dövrü mətbuatda bu layihəylə bağlı dərc olunan sifarişli yazılar və təzyiqlər sonda Azərbaycan Televiziyası arxivindən Nisə xanımın ifa etdiyi versiyanın yandırılması ilə nəticələnir.
Nəhayət 1979-cu ildə yeni plastinkası satışa çıxan muğəninin bu dəfə də mahnıları dillər əzbəri olur və Azərbaycanın ən böyük konsert salonlarında böyük anşlaqla konsertleri baş tutur. 1980-ci ildə isə Sovetlər Birliyinin "S pesnyami po jizni" beynəlxalq müsabiqəsində iştirak edən müğənni birinciliyi Azərbaycana qazandırır. Bakıya dönüşündə bu möhtəşəm uğura görə Azərbaycan SSSR Ali Sovetinin Fəxri Fərmanını alır. Bu sevindirici olayın ardından Nisə xanıma "Özbəkfilm"də çəkilən "Alovlu yollarla" bədii filminə çəkilmək üçün təklif gəlir. Çəkilişlərdən sonra Özbəkistandan Bakıya dönən müğənninin həyatında yenə də xoşagəlməz hallar baş verir. Əvvəlcə Ələkbər Tağıyevin daha sonra isə qardaşının vaxtsız ölümü Nisə xanımı möhkəm sarsıdır və o, bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırır. Nəhayət 3 illik fasilədən sonra səhnəyə qayıdan müğənnini bu dəfə xoşagəlməz olaylar sənət həyatında izləyirdi. Arenada artıq tək qalan müğənni düşmənlərinin hədəfinə çevrilir və onu fəaliyətində uzunmüddətli qadağalar dövrü başlayır. Sənətkarın televiziya çıxışlarına qeyri müəyyən səbəblərdən məhdudiyyətlər qoyulsa da o, Azərbaycanın ən müxtəlif yerlərində, eləcə də sərhədlərmizdən kənarda Danimarka, İslandiya, Türkiyə, Dubay, Əfqanıstan, Ukrayna, Almaniya və digər ölkələrdə böyük uğurla konsertlər verir. 1989-cu ildə isə müğənni "Əməkdar Artist" adını alır. 90-cı illərin əvvəlində isə daim yenilikçi olan sənətkar xanım Azərbaycanda əyləncə məkanlarında şou proqramlar hazırlamaq fikrinə düşür. Həmişəki kimi bəzi üzdən iraq sənət adamlarının iradlarına və mediadakı sifarişli yazılara baxmayaraq Nisə xanım bu ideyanı gerçəkləşdirir. Elə həmin ərəfələrdə məhz müğənninin göstərişi ilə tikilmiş şəhərin ən böyük və samballı əyləncə məkanlarının birində Nisə xanımın özünün və digər sənətçilərin səhnə aldığı şou proqram gerçəkləşir. Çox keçmirki o, Azərbaycan televiziya məkanında daha bir yeniliyə imza atır. Bu dəfə isə sənətkar xanım dövlət televiziyasında ilk dəfə olaraq özünün aparıcılıq etdiyi " Ulduzlar görüşəndə" televiziya layihəsini gerçəkləşdirir. Onun daha bir uğuru isə 4 dildə ifa etdiyi Bakı mahnısına çəkilən uğurla bağlı idi. Nəinki yerli televiziyada eləcə də Türkiyə və Rusiya televiziyalarında da yayımlanan musiqi nömrəsi o qədər sevildi ki, sənətçiyə Moskvada yeni silsilə konsert proqramları ilə çıxış etmək təklifi gəldi. Bu arada o zamankı Respublika sarayı indiki Heydər Əliyev adına sarayda növbəti konsert proqramının məşqlərinə başı qarışan Nisə xanım növbəti xoşagəlməz xəbərlə üzləşir. Bu xəbər isə onun verilişinin dayandırılması ilə bağlı idi. Səbəb kimi sənətçinin dekolte geyimdə efirə gəldiyi mediada hallansa da, müğənni müsahibələrində bunun tamam başqa səbəbi olduğunu deyir və öz zamanında hər şeyə açıqlama gətirəcəyini vurğulayır. Verilişin dayandırılması və qeyri müəyyən səbəbdən qoyulan qadağalardan inciyən sənətkar xanım 1997-ci ildə Bakıda son konsertini gerçəkləşdirir və Moskvaya köçür. Moskvanın "Varşava", "Arion" kimi böyük konsert zallarında çıxış edən müğənni 3 il müddətində vətəndən uzaq düşür. Həmin dövrlərdə də daim sənət fəaliyyətində olan Nisə Qasımova bəstəkar Siyavuş Kərimi ilə iş birliyinə başlayıb Moskvada bir neçə klip və telekonsert hazırlayır. Nəhayət 3 ildən sonra ailə üzvlərindən birinin toy məclisində iştirak etmək üçün Bakıya dönən müğənninin gəlişindən xəbər tutan televiziya nümayəndələri onu hava limanında qarşılayıb birbaşa dövlət televiziyasında o zamanlar uğurla yayımlanan "Gəl səhərim" verilişinin çəkiliş meydançasına gətirirlər. Bakıda olduğu müddətdə xalq tərəfindən sonsuz sevgi ilə qarşılanan sənətkar yenidən taleyin hökmü ilə vətəndə bir müddət qalmağı qərarlaşdırır.
Media və onu sevənlərin böyük hörməti və diqqətindən boş vaxt tapmayan Nisə xanım xalqın istəyi ilə yenidən ekranlara qayıdır. "Yalandı dünya" albomunun möhtəşəm uğurunun ardınca "Yalvarıram", "Qayıtdım", "Məni satdın nəfsinə" xitlərinin dillər əzbəri olması ilə müğənni daha aktiv fəaliyyətə başlayır. O ərəfələrdə "Qayıtdım" adlı solo konsert proqramını tamaşaçılara təqdim edən müğənni yaradıcı gənclərə dəstək olmaq məqsədi ilə "Kainat" studiyasını yaradır. Beləliklə səhnə fəaliyyətinin ikinci baharını yaşayan sənətkar 2004-cü ildə "Anar optik" mağazalar şəbəkəsi ilə 5 il müddətində şirkətin reklam üzü kimi müqavilə imzalayır. Daha sonra "Ömrümdən gedən illər", "The best of", "İkinci bahar" kimi musiqi albomlarını dinləyicilərə təqdim edən müğənni 2005-ci ilin 6 aprelində Bakıdakı "Heydər Əliyev adına saray"da "Şahanə sevgimlə" adlı solo konsert proqramını gerçəkləşdirir. 21 yaşından televiziya solisti kimi çalışan Azərbaycanın ilk aparıcı müğənnisinin elə aparıcılıq fəaliyyəti də bu gün davam etməkdədir. 2005-ci ildə Space teleradio şirkətində 6 ay müddətində "Space şou" verilişinin aparıcısı olan Nisə xanım artıq 2007-ci ilin sentyabrından həftə içi 5 gün 2 saatlıq "Xoş vaxt olun" life şousu ilə sevənlərin görüşünə gəlir. Davamlı sənət uğurları ilə yanaşı ictimai fəaliyyətlə də məşğul olan müğənni özünün adını daşıdığı "Nisə Qasımova fondu"nu yaradıb davamlı xeyriyyə və mədəniyyət aksiyalarını maliyyələşdirir. 2008-ci ildə sənət fəaliyyətinin 36 illiyi ərəfəsində isə Nisə xanıma "Birliyə doğru" beynəlxalq humanitar təşkilatı tərəfindən " Əlimi tut, səninləyəm" xeyriyyə layihəsinə görə Azərbaycanın "ən xeyirxah müğənnisi" diplomu verilmişdir. Bu gün də Azərbaycanın əfsanəvi səsi Nisə Qasımova həm sənət, həm də ictimai fəaliyyətini davam etdirməkdədir.