“Ermənilər zaman-zaman havadarlarının dəstəyi ilə qonşu
dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmiş və bunu həyata
keçirmək üçün ən çirkin yollara əl atmış, işğalçılıq, təcavüzkar
siyasətlərini erməni diasporunun əsassız təbliğatına uyğun olaraq
ört-basdır etməyə səy göstərmiş, özlərini beynəlxalq ictimaiyyətə
“yazıq”, “məzlum”, “döyülən və əzilən” millət kimi təqdim etmişlər.
Lakin tarixin hər bir səhifəsi bu saxtakarlıqlara, yalanlara
tutarlı cavabdır”.
Bu barədə Publika.az-a açıqlamasında “İki sahil”
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə İrəvanın mərkəzi Respublika
meydanında yerləşən əsas metrostansiyada yer alan, Ermənistanın
qonşu dövlətlərə - Türkiyə, İran və Gürcüstana ərazi iddialarını
özündə əks etdirən saxta xəritənin yerləşdirilməsinə münasibət
bildirərkən deyib.
V. Rəhimzadə vurğulayıb ki, Ermənistanın keçmiş prezidenti Serj
Sarkisyan “biz müharibənin bir hissəsini etdik, gələcək nəsillər
isə növbəti müharibələrə hazır olmalıdırlar” deyə bildirmişdi:
“Təbii ki, burada Azərbaycan ərazilərinin işğalını nəzərdə tuturdu.
Bəllidir ki, daşnakların türklərə qarşı yürütdükləri etnik
təmizləmə siyasətinin əsasında ümumerməni maraqları dayanır.
Aqressiv, milli emosiya ilə müşayiət olunan “vətən axtarışı”
siyasəti həmişə onların ictimai şüurunda formalaşıb. Ermənilər üçün
vətən stabil bir coğrafi məkan üzərində deyil, dağınıq halda
təşəkkül tapıb. Ona görə də digər millətləri qəbul etmək,
beynəlmiləlçilik ruhu ermənilərə yaddır”.
Daşnakların Türkiyəyə, Gürcüstana, Azərbaycana qarşı ərazi
iddialarının əsasında da işğalçılıq amili dayanır deyən V.Rəhimzadə
bu faktlara bir daha diqqəti yönəldib ki, azərbaycanlıların kütləvi
qırğını, soyqırımları ilə müşayiət olunan deportasiyalar XX əsrdə
məruz qaldığımız, tariximizin ən qanlı və faciəli
səhifələrindəndir: “Ötən yüz illikdə “böyük Ermənistan” xülyası ilə
yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan
daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı
izlər buraxıb. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə rus
imperiyasının havadarlığı ilə keçirilən qırğınların son nöqtəsi
olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. 1988-ci ildən
Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətllər,
kəndlərin dağıdılması, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı
soyqırımı kimi qanlı hadisələr yaddan çıxmayıb. Ermənilərin 1988-ci
ildə yenidən baş qaldıran əsassız ərazi iddiaları nəticəsində 20
faiz torpağımız işğal altında qalıb, bir milyondan artıq soydaşımız
öz doğma yurd-yuvasından didərgin düşüb. Münaqişənin həlli
prosesinin bu günədək uzanmasında işğalçı Ermənistanın
qeyri-konstruktiv mövqeyi, öz yalanlarını həqiqət kimi beynəlxalq
ictimaiyyətə sırımaq cəhdləri, eyni zamanda, bəzi dövlətlərin,
təşkilatların işğalçıya maddi və mənəvi dəstəkləri əsas rol
oynayır”.
V.Rəhimzadə Azərbaycanla yanaşı, qonşu dövlətlərə də ərazi
iddialarını asıq-aşkar nümayiş etdirən həmin foto-xəritənin
yayımlanmasının ermənilərin “yalanın həqiqət üzərində qələbəsi”
kimi xülyalarının tərkib hissəsi olduğunu önə çəkərək, daşnakların
daim öz işğalçılıq siyasətlərinə bu kimi gedişlərlə bəraət
qazandırmağa çalışdıqlarını bildirib.
Baş redaktor bu xatırlatmanı da edib ki, illərdir qardaş Türkiyəyə
qarşı əsassız “erməni soyqırımı” iddiasını irəli sürən Ermənistanın
ərazisində “erməni soyqırımı” abidəsinin ucaldılması da bu kimi
məqsədlərə xidmət edir: “Ölkəyə səfər edən bu və ya digər dövlətin
rəsmiləri “protokol qaydalarına riayət” adı altında həmin abidəni
ziyarət etdirilir və bununla da düşmənlərimiz guya “erməni
soyqırımı”nın tanıdılması istiqamətində öz çirkin niyyətlərini
həyata keçirmiş olurlar. Amma çox təəssüflər olsun ki, dünya hələ
də tarixin saxtalaşdırılmasına göz yumur, beynəlxalq hüququn norma
və prinsiplərini kobud şəkildə pozan, beynəlxalq təşkilatların
qərar və qətnamələrinə məhəl qoymayan işğalçı dövlətə bu günə qədər
“gözün üstə qaşın var” demir. Bu isə öz növbəsində belə əsassız
iddiaların ortaya atılmasına rəvac verir”.
V.Rəhimzadə bu məqama da diqqəti yönəldib ki, Ermənistanın
işğalçılıq siyasətinin təsdiqi olan bu addımları, eyni zamanda, ona
havadarlıq edən dövlətlərin ikili siyasətdən qaynaqlanan dəstəkləri
hər zaman həmin dövlətlərin, təşkilatların rəsmiləri tərəfindən
“bir anlaşılmazlıq” kəlməsi ilə cavablandırılıb və heç nə olmamış
kimi proseslər davam edib: “Hər zaman vurğulandığı kimi, bir
cinayətin cəzasız qalması növbəti cinayət üçün əsasdır. Ermənilər
əsassız torpaq iddialarına görə vaxtında beynəlxalq səviyyədə
cəzalandırılsaydılar, bu gün nə Dağlıq Qarabağ problemi, nə də
digər münaqişə ocaqları olardı. Yada salaq ki, bir dövlətin
mövqeyini əks etdirən nəşr kimi dəyərləndirilən ensiklopediyada
erməni tarixçisinin vasitəsilə Dağlıq Qarabağ erməni ərazisi kimi
göstərilir, amma bununla bağlı rəsmi Bakı sərt mövqe nümayiş
etdirəndə həmin dövlətin rəsmiləri bunu “təsadüf” kimi təqdim edir.
Amma tarixi vərəqləsək, belə “təsadüflərin” sayı-hesabı yoxdur.
Dünyanın iri dövlətləri, təşkilatları bir əsas məqamı unudurlar ki,
belə “təsadüflərin” sayı çoxaldıqca, ədalət anlayışı maraqların
arxasında əriməyə başlayır. Bu isə həmin dövlətlərə, təşkilatlara
inamsızlığın artmasına rəvac verir”.
V.Rəhimzadə qeyd edib ki, artıq dünyanın işğalçı dövlətə bu kimi
çirkin niyyətlərinə və əməllərinə görə cəzanı tətbiq etməsi
zamanıdır: “Beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün
vahid mexanizm olmalıdır. Çox təəssüflər olsun ki, beynəlxalq
təşkilatların qərar və qətnamələri bəzi dövlətlər üçün anındaca
icra edilir, lakin Azərbaycan 25 ildən artıqdır ki, ikili
siyasətdən yaranan problemləri yaşayır”.
“İki sahil” qəzetinin baş redaktoru onu da bildirib ki, dünya
birliyi tərəfindən dəstəklənən Azərbaycandakı sabitlik və
tolerantlığın digər ölkələrə nümunə göstərildiyi halda hələ də
terrora, separatizmə haqq qazandıran Ermənistanın işğalçılıq
siyasəti insanlığa qara ləkə, Prezident İlham Əliyevin vurğuladığı
kimi, beynəlxalq ictimaiyyətə, ölkələrin ərazi bütövlüyünə,
demokratiya və iqtisadi inkişafa təhlükədir. Ermənistanın
Azərbaycana, həmçinin qonşu dövlətlərə qarşı ərazi iddiasını
açıq-aşkar ortaya qoyması işğalçılığın, təcavüzkarlığın
nümayişidir.
Publika.az