Azərbaycan üçün qızıl tarix (VİDEO)

Azərbaycan üçün qızıl tarix (VİDEO)
23:36 12 Yanvar 2015
226 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 12-i Azərbaycan tarixində mühüm bir gündür. Cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması xəbərinin alındığı günün 95 illiyində Cümhuriyyət dövrünün araşdırıcılarından olan Solmaz Tohidi həmin tarixlə bağlı əvəzsiz materialları “Xəbərçi”yə açıqlayıb. Beləliklə, cümhuriyyət dövrünə aid çox vacib Əlimərdan bəy Topçubaşovun arxivindən əldə olunan faktlar barədə eksklüziv olaraq təqdim edirik.

ANS TV-nin məlumatına görə, düz 95 il bundan əvvəl 1920-ci il yanvarın 11-də Paris sülh konfransı gənc və müstəqil Azərbaycanın dövlət müstəqilliyini de fakto tanıyır. Bu mühüm xəbəri Azərbaycana yanvarın məhz bu günü, yəni 12-si tarixində İngiltərənin Qafqaz üzrə baş komissarı Oliver Ordrub çatdırır. Az sonra Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Əlimərdan bəy Topçubaşov Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyliyə bir teleqram vurur, onları bu münasibətlə təbrik edir.

Yanvarın 14-də ölkədə rəsmi bayram tədbirləri başlayır. Maaş saxlanılmaqla həmin gün qeyri-iş günü elan edilir. Hürriyyət, indiki Azadlıq meydanından başlayaraq Dənizkənarı bulvar boyu hərbi parad keçirilir. Qısası, şəhər qazan kimi qaynayır. Bu xəbərin Azərbaycanda yaratdığı coşqunun sübutu olan fotolar bu gün də Fransa Beynəlxalq Sosial Tarix İnstitutunun nəzdindəki Şərqi Avropa, Rusiya və Qafqaz Araşdırmaları Mərkəzində saxlanılır. O, arxivdən çox maraqlı fotoları tarixçi alim, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Tohidi bizimlə bölüşür. Dekabr ayında Fransadan qayıdan Solmaz xanım Azərbaycanın müstəqillilk tarixinin əhəmiyyətli bir hissəsini məhz Əlimərdan bəy Topçubaşovun adını daşıyan arxivdə cəmləşdiyini deyir.

Paris sülh konfransının Azərbaycanın dövlət müstəqilliyini tanımasının ölkəmizdə yaratdığı şadyanalığın əks olduduğu fotoları Fransaya - Əlimərdan bəy Topçubaşova xarici işlər nazirinin müavini Məmməd Xan Təkinskiy göndərir. Və Topçubaşov o şəkilləri digər mühüm sənədlər kimi şəxsi arxivində qoruyub saxlayır. Solmaz xanım Topçubaşovun arxivində digər maraqlı faktlarla da tanış olub. Əlimərdan bəyin gözəl xətti isə təkcə onu yox, həm də bizi heyrətləndirdi.

“Təzə Pir məscidində keçirilən mitinq başa çatandan sonra insanlar Nəsib bəy Yusifbəylini əlləri üstə parlamentə qədər gətiriblər. Parlamentin qarşısında olan izdiham isə Məhəmməd Əmin Rəsulzadəni tələb edib. Və onun görəndə onun qaldıraraq ikinci mərtəbəyə kimi aparıblar”, – deyə tarixçi alim Solmaz Tohidi qeyd edib.

Təəssüf ki, bu sevincin ömrü uzun çəkmədi. Cəmi iki ay sonra aprelin 25-dən 26-na keçən gecə ruslar şimaldan Azərbaycana hücum etdilər. Və parlament qan tökülməsinin qarşısını almaq üçün təslim olmaq haqda qərar qəbul etdi.

Beləliklə, Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu. Müstəqilliyi millətə dadızdıran kişilərin hərəsi bir xarici ölkədə sığınacaq tapdı. Və o ölkə onların əbədi uyuduqları məkan oldu. Onlar öldü, amma qurduqları dövlət yaşayır. Hələ min illər boyu da yaşasın, var olsun!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR