Fransa prezidenti Emmanuel Makron rəsmi səfər etdiyi Kopenhagendə Danimarkanın Baş naziri Lars Lokke Rasmussenlə görüşüb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rasmussen, Danimarka və Fransanın əsas müzakirə mövzusunun Avropanın gələcəyi olduğunu qeyd edib.
Rasmussenin sözlərinə görə, NATO-nun üzv dövlətləri ittifaqa daha çox töhfə verməlidir:
“Biz öz təhlükəsizliyimizi təmin etmək üçün üzərimizə daha çox məsuliyyət götürməliyik”.
Makron bildirib ki, Danimarkanın Avropa Birliyinə daxil olması Fransa üçün daha müsbət olacaq.
Daha sonra Makron və Rasmussen Kral Kitabxanasında tələbələrin suallarını cavablandırıb.
Avropa Birliyi (AB) layihəsi ilə bağlı suala cavab verən Rasmussen bildirib ki, Avropanın dəyərləri davam edəcəksə, bunu birlikdə etməliyik. Makron isə bir çox təhdidin olduğunu vurğulayaraq deyib: “Dünya yol kəsişməsindədir. Avropaya yeni təkan verə bilməsək, nə edəcəyik? Böyük ölkələr və şirkətlər bizim yerimizə qərar verəcəklər”.
Günay Elşadqızı / METBUAT.AZ