Məşhurlar yayda harda dincəldilər?

Yay tətili bitdi. Artıq yeni qaynar iş ilinin astanasındayıq. Ancaq sadə insanlar kimi məşhurların da arasında tətilsiz işləyənlər var.

Azərbaycanlı məşhurlardan kimlər harda, necə istirahət etdi, kimlər hələ də istirahət üzü görməyib? Metbuat.az bunu araşdırdı.

Lider TV-nin aparıcısı Aynur Vəliqızı bu il istirahət etmədiyini bildirib:

“Bu il heç cür istirahət etməyə imkanım olmadı. Ancaq qarşıdan gələn yeni ili maraqlı bir yerdə keçirməyi planlaşdırıram.”

Əməkdar artist Elza Seyidcahan hələ də istirahət etmədiyini bildirib:

“İndiyə kimi dayanmadan qarışqa kimi işləyən, zəhmətkeş insanlardanam. Fikirləşirəm ki, bu ayın 11-i məhərrəmlik girsin, Azərbaycanın şəfalı guşələrindən olan Astara bölgəsinə gedim. Orda mənim çox gözəl dostlarım var. Ailəmlə yığışıb, ora gedəcəyik.”

Teleaparıcı Yeganə Həsənova bu il çox gözəl istirahət etdiyini vurğulayıb:

“Misir, Batumi və Bilgəhdə istirahət etdim.Yeni sezona bol enerji toplamışam. Bildiyiniz kimi bu il mən ARB TV-də “Boş anlar” verilişini aparırdım. Növbəti mövsümdə bu verilişlə yanaşı, daha bir yeni layihə ilə tamaşaçıların qarşısına çıxacam. Biz artıq verilişimizə başladıq.”

Xalq artisti Məleykə Əsədova da bu il çox gözəl istirahət etdiyini bildirib:

“Bu il qızımla dünya səyahətinə çıxmağı qərarlaşdırdım. Hazırda Amerikadayam, qızımla çox gözəl gün keçiririk. Deyərdim, dünyanın rəngarəngliyi gözəlliyimə rəng qatdı”.

Teleaparıcı Elgiz Əkbər heç vaxt istirahəti haqqında danışmaq istəmədiyini söyləyib:

“Heç vaxtı dincəldiyim yerlərdən şəkil paylaşmağı sevmirəm. O bəzi adamlar var, filan ölkəyə getdim, filan yerə getdim. Nəyə lazımdır ki, bu? Aparıcı işi ilə seçilməlidir. Elə adam var o cür istirahət edə bilmir. Köks ötürür, bəxtəvərlik verir. Hərənin bir nəfsi var. Adam var 48 dərəcədə evində bişir. O biri də gedir kef edir. Bəzən bu insanlara acıq vermək kimi görünür. Bircə onu deyə bilərəm ki, bizə istirahət mütləq lazımdır. O boyda gərginliyin mütləq stresini atmaq lazımdır”.

Müğənni Manaf Ağayev son qalmaqallı hadislərdən sonra mediyaya açıqlama vermədiyini və istirahət də etmədiyini söyləyib.

Teleaparıcı Rövşanə Bektaşi istirahətini sakit ölkələrdə etdiyini bildirib:

“Yay istirahətində 15 gün Almaniyada oldum. Almaniyanı çox sevirəm. Artıq neçənci dəfədir istirahətimi orda edirəm. Ora sakitlikdi, rahatlıqdır. Onlarda ən çox məni hər mənada çəkən məqam dürüst olmalarıdır. Berlində, Nürnberqdə, Drezdendə, Bitsendə, Münhendə oldum. Ümumiyyətlə, zaman keçdikcə məni sakit şəhərlər özünə cəlb edir. Ötən il Badenbadendə idim. Oranın sakitliyini və yaşıllığını çox sevirəm. Qayıtdıqdan sonra isə bölgəlrimizdə oldum”.

Müğənni Ədalət Şükürov bu yay tək istirahət etdiyini söyləyib:

“Xəzər TV-nin kollektivi ilə Türkiyədə bir neçə gün istirahət etdik. Sonra Özbəkistanda oldum. Deyərdim ki, tək istirahət etdim. Yəni ailəvi imkan olmadı istirahət edək. Onu da deyim ki, Azərbaycanda dincəlmək bahadır. O da həmin məkanın sahibindən asılıdır”.

Müğənni Damla hələ yay istirahətini keçirmədiyini deyib:

“Bizim toylardan imkanımız yoxdur. Ona görə hələ istirahət edə bilməmişik”.

Müğənni Bahar Lətifqızı ailəsi və uşaqları ilə Azərbaycanın bölglərində istirahət etdiyini bildirdi:

“Yığdım uşaqları başıma, Azərbaycanın gözəl guşələrini gəzdim. İsmayıllı, Qəbələdə, Şəkidə, Qaxda, Balakəndə olduq. Bütün günü toylarda olduq deyə, xaricə gedə bilmədik”.

Müğənni Xuraman Şuşalı da istirahətə bölgələrdən başladığını deyib:

“Mən belə edirəm, hansı bölgədən toy təklifi gəldi, uşaqları da yığıram, gedirik, həm ziyarət, həm ticarət. Bakıda Nabrana getdik. Vaxt olan kimi qaçırıq istirahətə. Təmiz hava, yaşıllıq insana ruh verir. Bu yaxında da Moskvaya getmişdik. Beləcə bizim istirahətimiz il boyu davam edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR