​Fariz Məmmədov Almaniyada Heydər Əliyevin 92 illiyinə həsr olunmuş boks gecəsində döyüşəcək

​Fariz Məmmədov Almaniyada Heydər Əliyevin 92 illiyinə həsr olunmuş boks gecəsində döyüşəcək
14:47 23 Aprel 2015
200 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov Avropa Azərbaycan Cəmiyyəti, Azərbaycanın Almaniyadakı səfirliyi və diasporanın dəstəyi ilə keçiriləcək Heydər Əliyevin anadan olmasının 92 ilinə həsr olunmuş boks gecəsində iştirak edəcək. "Report"un məlumatına görə, bu barədə əlcək ustasının özü məlumat verib.
Bu gün baş tutan açıq məşqdən sonra jurnalistlərin suallarını cavablandıran F.Məmmədov gecəyə səfirlik və diaspora tərəfindən dəvət aldığını deyib. O, bu döyüşdə heç bir maddi marağının olmadığını söyləyib: "Gecə Ulu Öndərin xatirəsinə həsr olunduğundan dərhal döyüşə razılıq verdim. Böyük bir boks gecəsi olacaq. 10-a yaxın döyüş baş tutacaq. Mən də rinqə çıxacağam. 10 raundluq reytinq xarakterli döyüş keçiriləcək".
Avropa çempionu olduğu üçün özündən aşağı reytinqli idmançılarla döyüşə bilmədiyni deyən boksçu buna ixtiyarının olmadığını qeyd edib. Onun sözlərinə görə, özündən aşağı liqa döyüşçüsü ilə vuruşan boksçunun xalları silinir. Məmmədov rəqibi haqda məlumatlı olduğunu vurğulayıb: "İdmançı gərək daim özündən güclülərlə vuruşsun. Rəqibim belaruslu olsa da, əsasən Avropada döyüşür. O, Andrea Abramenkodur. Peşəkar rinqdə 29 döyüş keçirib. Bunlardan 20-də qələbə qazanıb, 7 dəfə uduzub, 2 dəfə isə heç-heçə edib. O, Aleksandr Abramenkonun qardaşıdır. Aleksandrı Xarkovda 2013-cü ildə nokaut eütmişəm. İndi isə rəqibim onun kiçik qardaşıdır. Möhtəşəm döyüş olacaq. Birincisi, həyəcanlıyam. Öz vətənimdə bəxtim gətirmirdi. İnanıram ki, gələcəkdə gətirəcək. Ona görə həyəcanlıyam ki, boks gecəsi Ulu Öndərin xatirəsinə həsr olunub. Rəqibim güclüdü, necə deyərlər “hədiyyə” deyil. Onun güclü olmağı məni sevindirir. Çalışacağam ki, şərəfini qoruduğum dövlətimi, klubumu layiqincə təmsil edim".
Döyüş hazırlığından danışan azərbaycanlı 12 həftədir məşq etdiyini deyib: "Baş məşqçi kubalı Pedro Rokidi. Eləcə də “Qəbələ” İdman Klubunun baş məqçisi Ximesen Lazaro ilə hazırlaşdım. 12-ci həftədir artıq hazırlıq gedir. Məşqlər yekunlaşmaq üzrədir. Dünən axırıncı soparrinq döyüşü keçirdim. Sabah son məşqdi. Bununla da hazırlıqları bitirirəm. Daha sonra bərpa prosesləri gedəcək. Gələn həftənin ilk günləri isə yola düşəcəyik. Taktikamızı elə qurmuşuq ki, döyüşü 10 raunda qədər çəkək. Mən özüm də istəyirəm ki, döyüşüm uzun olsun. Düzdür, məqam yetişəndə əldən buraxmaq olmaz. Amma son döyüşlərim qısa çəkir. Ona görə də bu dəfə rinqdə daha çox vaxt keçirmək istəyirəm. Vətəndə keçirdiyim son döyüşlərdə bir qədər bəxtim gətirmir. Düzdür, qalibləri mühakimə etmirlər. Ona görə də zədələri bəhanə etmirəm. Sözün açığı, Abramenkonun bu dəfə kiçik qardaşı ilə döyüşmək istəməzdim. Amma rəqibi mən seçmirəm. Bizim işimiz rinqə çıxıb, vuruşmaqdı".
F.Məmmədov Almaniyada keçiriləcək boks gecəsindən döndükdən sonrakı proqramından da söz açıb. O bildirib ki, vətənə döndükdən sonra Dünya çempionluğunda iştirak etmək üçün Avropa çempionu titulundan imtina etməlidir: "Çox yorulmuşam. Bu döyüş üçün 12 həftə hazılaşdıq. 12 həftə az müddət deyil. Bu yarışdan sonra Avropa çempionu titulundan imtina etməliyəm ki, dünya çempionluğu uğrunda mübarizə apara bilim. Ya dünya çempionluğu uğrunda döyüşmək üçün Amerikaya gedəcəyik, ya da rəqibi Qəbələyə dəvət edəcəyik. Çox istərdim ki, o cür mühüm döyüşü vətənimdə keçirim. Bu bir tarix olar. Xatırlayırsınızsa, qitələrarası çempion adını 2004-cü ildə vətəndə qazanmışdım. İndi də dünya çempionu tituluna vətənimdə sahib çıxmaq istəyirəm".

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/fariz-memmedov-almaniyada-heyder-eliyevin-92-illiyine-hesr

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR