Procter & Gamble şirkəti ilə AFFA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

“Futbol idmanın ən kütləvi növlərindən biri olub, gənc nəslin sağlam böyüməsində əvəzsiz əhəmiyyətə malikdir. Azərbaycanda futbolun inkişafına dövlət dəstək verdiyi kimi, onun vətəndaşlar arasında populyarlaşması üçün P&G kimi məşhur olan şirkətlərin dəstəyini almaq da çox vacibdir. Buna görə də biz bu gün məhsulları, demək olar ki, hər evdə olan Procter and Gamble şirkətinin Azərbaycan futbolunu dəstəkləməsini yüksək qiymətləndiririk” – bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov Procter & Gamble şirkəti ilə AFFA arasında tərəfdaşlıq müqaviləsinin imza mərasimində bildirib. Oktyabrın 1-də Bakı Olimpiya Stadionunda keçirilən imza mərasiminə Procter & Gamble şirkətinin Qafqaz üzrə Baş direktoru Değer Kurtaslanoğlu, Azərbaycan Milli Futbol Komandasının baş məşqçisi Qurban Qurbanov, milli komandanın üzvləri və media nümayəndələri qatılıb.

Tədbirdə qeyd edilib ki, Müqavilə Azərbaycan Milli Komandasının UEFA Millətlər Liqası və Avropa Çempionatının seçmə mərhələsi oyunlarını əhatə edəcək. AFFA-nın baş katibi UEFA Millətlər Liqasında D qrupunda oynayan milli komandamızın qarşıdakı oyunlara ciddi hazırlaşdığını vurğulayıb. Belə ki, Azərbaycan millisi oktyabrın 14-də Malta, noyabrın 17-də Farer adaları komandaları ilə Bakıda görüşəcək. “Bizə verilən hər bir dəstək bizi daha güclü edir və buna görə də yanımızda olan hər kəsə minnətdarıq” – Elxan Məmmədov deyib.

Procter & Gamble şirkətinin Qafqaz üzrə baş direktoru Değer Kurtaslanoğlu P&G və AFFA arasında tərəfdaşlığın şirkətin Azərbaycanda 20 illik fəaliyyətinə həsr edildiyini bildirib. “Ötən 20 il ərzində P&G Azərbaycanın iqtisadi həyatına böyük töhfə verib. Amma biz təkcə iqtisadiyyata qatqımızla kifayətlənməmişik, xalqın həyatına sosial məsuliyyət və ictimai təsir layihələrimizlə, əhəmiyyətli tərəfdaşlıqlarla da təsir etməyə hədəflənmişik. İdmana dəstək bizim böyük təsir dairəsinə malik sağlamlıq və gigiyena proqramlarımızın əsas hissəsidir. Həyata keçirdiyimiz sosial layihələr içərisində idmana dəstək böyük yer tutub. Bizim üçün sağlam cəmiyyət idmanla böyüyən uşaq və gənclərin sayının çoxluğundan başlayır. 2012-ci ildə London Olimpiya Oyunlarında komandamızı dəstəkləməklə, 2015-ci ildə İlk Bakı Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaqla, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Olimpiya komandasına dəstək verməklə bu niyyəti güdmüşük. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə tərəfdaşlıqda da məqsədimiz gənclər arasında idmanla məşğul olmağa həvəsi artırmaqdır. Tərəfdaşlıq çərçivəsində Gillette Head & Shoulders brendlərimiz üçün futbolçularımızın iştirakı ilə reklam filmləri çəkilib yayımlanacaq. Bu reklam filmləri milli komandaya dəstəklə yanaşı, futbolu da daha geniş təbliği edəcək” - P&G Qafqaz üzrə baş direktoru qeyd edib.

AFFA ilə tərəfdaşlığın başqa bir səbəbi haqqında isə Değer Kurtaslanoğlu belə bildirib: “Bizim bir çox məhsullarımız insanların gündəlik məişət həyatında meydana çıxan problemləri həll edərək, onlarda özlərinə güvənli olmağa zəmin yaradır. Biz Azərbaycan Milli Komandasının rəsmi özgüvən tərəfdaşıyıq. Çünki bütün qalibiyyətlərin əsasında özgüvən dayanır. Özünə güvənməklə ən çətin mübarizədən də qalibiyyətlə çıxmaq olar. Biz milli komandamıza uğur və qalibiyyət arzulayırıq”.

Procter & Gamble (P&G) haqqında

P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR