Azərbaycanın fövqəladə hallar naziri Niderland Krallığı və Belçika Krallığında səfərdə olub

Azərbaycanın fövqəladə hallar naziri Niderland Krallığı və Belçika Krallığında səfərdə olub
17:43 24 Aprel 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-23-də Niderland Krallığı və Belçika Krallığında rəsmi səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günü Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen ilə görüş keçirilib.
Görüşdə iki nazirlik arasında müvafiq sahələr üzrə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq bildirilib, 2014-cü il noyabrın 6-da Qəbələ şəhərində imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nda nəzərdə tutulan müddəaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Hagestein şəhəri yaxınlığındakı şlüz və sədd kompleksi, Lelystad şəhərində Hollandiya su sistemi üzrə informasiya mərkəzi (Niderland Su İdarəedilməsi Mərkəzi) ilə tanış olub.
Niderland Krallığına rəsmi səfərdən sonra nümayəndə heyəti Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında olub. Səfər çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, təşkilatın Baş katibinin Əməliyyatlar üzrə müavini Stefen Evans və Baş katibin birinci müavini Aleksandr Verşbou ilə görüşüb.
Görüşlərdə Azərbaycanın NATO-nun güclü və etibarlı tərəfdaşı olduğunu bildirilib, təşkilatın müvafiq strukturları ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin hazırki səviyyəsindən məmnunluq ifadə edilib. Xüsusilə NATO-nun Avro-Atlantika Fəlakətlərə Cavabvermə Mərkəzinə könüllü milli töhfə qismində nazirliyin əməkdaşlarının daimi ezam olunmasını yüksək qiymətləndirib. Nazir Kəmaləddin Heydərov Mülki-Fövqəladə Planlama strukturları çərçivəsində NATO ilə əməkdaşlığın Fövqəladə Hallar Nazirliyi üçün əhəmiyyətini qeyd edib, bu əməkdaşlıq nəticəsində qazanılmış təcrübənin Azərbaycan tərəfi üçün əhəmiyyətini diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_fovqelade_hallar_naziri_Niderland_Kralligi_ve_Belchika_Kralliginda_seferde_olub-849497

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR