“2003-cü il 15 oktyabr seçkilərini də, ona qədərki dövrü də, Ülu Öndər Heydər Əliyevin səhhəti ilə bağlı problemləri də yaxşı xatırlayıram. Həqiqətən də Azərbaycanın həyəcanlı bir durumda olduğu dönəm idi. Vətəndaş və seçici olaraq həyacanlandığımız bir dövr idi”.
Publika.az-a açıqlamasında bu sözləri siyasi şərhçi Azər Həsrət Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən keçən 15 illik dövrü şərh edərkən deyib.
“Çünki, bir tərəfdən Heydər Əliyevin səhhəti ilə bağlı problem var idi və o, artıq seçkidən də çəkilmişdi. Digər tərəfdən, cənab Prezident İlham Əliyev artıq yeni lider kimi ortaya çıxırdı. Biz bir qədər narahat idik ki, o, təcrübəsizlik edər. Amma zaman keçdikcə gördük ki, Prezident İlham Əliyev əməlli-başlı dövləti idarə edəcək bacarıqlara sahibdir”, - o bildirib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında çox sürətlə beynəlxalq səviyyədə inteqrasiya olundu:
“Eyni zamanda, Azərbaycanın çox nəhəng layihələri icra olunmağa başladı və ümumiyyətlə, dövlət beynəlxalq səviyyədə tanındı və qəbul edildi. Aradan keçən 15 il ərzində Azərbaycan dünyanın barmaqla göstərdiyi, hər gün haqqında söz etdiyi, bütün beynəlxalq tribunalardan səsini eşitdiyi bir dövlətə çevrilib. Əlbəttə ki, Prezident İlham Əliyevin özünün şəxsən yorulmadan və durmadan fəaliyyət göstərməsi buna səbəb olub. Eyni zamanda, heç bir məsələdə prezidentimizi tək buraxmayan Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rolunu qeyd etmək lazımdır. Onlar əl-ələ verərək Azərbaycanla bağlı çox ciddi və nəhəng addımlar atmağı bacarıblar. Bu gün Azərbaycanı 2003-cü illər müqayisə etsək, 15 ili dəyərləndirsək, ölkəmiz həqiqətən də dünyanın sayılıb-seçilən, sözünə güvənilən, hörmət göstərilən bir dövlətidir. Dünyanın bütün yüksək tribunalarında Azərbaycanın bu xüsusiyyəti vurğulanır və təbii ki, bir vətəndaş olaraq buna çox sevinirik”.