Ermənistanda çalxalanmalar

Bir aya yaxın mitinqlərdən sonra mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan oktyabrın 16-da vəzifəsindən istefa verib. Bu barədə o, ölkənin İctimai Televiziyasında çıxışında bildirib. Paşinyanın bu addımı ölkə parlamentinin tezliklə buraxılması və növbədənkənar seçkilərin keçirilməsi məqsədini güdür. O, İTV-də çıxışında deyib ki, növbədənkənar seçkilərə kimi öz vəzifələrini icra edəcək.

Paşinyan eyni zamanda parlament seçkilərində bütün siyasi qüvvələrə uğur arzulayıb. Onun sözlərinə görə, hökumət seçkilərdə xalqın ifadə azadlığını təmin edəcək. Bununla yanaşı, Paşinyan insanların etimadını və haqlı gözləntilərini doğrultmadığına görə üzrxahlıq edib: “Həyəcanlı andır, çünki inqilab mərhələsinə son qoyur və yeni mərhələyə daxil oluruq. Beş aylıq işimə yekun vuraraq hamıya sonsuz dəstəyə görə minnətdarlıq edirəm və kimi təəssüfləndirmişəmsə, üzr istəyirəm”.

Daha öncə baş nazir bildirmişdi ki, parlament seçkiləri dekabrın 10-da baş tutacaq. Beləliklə, növbəti 15 gün ərzində hələlik fəaliyyətdə olan parlament iki dəfə baş naziri seçməməlidir. Qanunun tələbinə görə, parlament iki dəfə baş naziri seçə bilməzsə, buraxılır və yeni seçkilər təyin edilir. Konstitusiyaya görə, seçkilər parlamentin buraxılmasından sonra ən tezi 30 gün sonra, lakin 45 gündən gec olmayaraq keçirilməlidir.

Bəzi siyasi analitiklər, həmçinin erməni politoloqlar hesab edir ki, Paşinyanın rəqibləri, əsasən də əlində böyük kapitalı və ordu daxilində güclü dəstəyi olan Qarabağ klanı onun istefasından istifadə edib aranı qarışdıra və geri dönüşünün qarşısını ala bilərlər. Hətta parlamentdə çoxluqda olan Serj Sərkisyanın Respublika Partiyasının və Daşnaksütyun deputatlarının öz sıralarında yeni baş nazir seçib hakimiyyəti ələ keçirmələri də istisna edilmir.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Paşinyan, hər halda, bu cür ehtimalları da götür-qoy edib və təminatı olmasaydı istefa verməzdi: “İstefa taktiki xarakter daşıyır. Paşinyan erkən parlament seçkisini dekabrın əvvəlində keçirmək istəyir. Ancaq bunun üçün konstitusiyaya görə, birincisi, baş nazir istefa verməlidir, ikincisi, parlament 14 gün ərzində yeni baş nazir seçməməlidir. Bu zaman seçki qanununa görə, parlament avtomatik yeni parlament seçkisi təyin etməlidir. Nikol Paşinyan 14 günlə bağlı qəti təminatı olmasaydı, istefa verməzdi. Parlamentdəki partiyalar Paşinyanın yerinə başqasını baş nazir seçməyə risk etməyəcəklər. Çünki əks halda, Paşinyan tərəfdarlarını küçəyə tökəcək. Ermənistan parlamenti və əksər partiyalar Paşinyanın gəlişindən sonra küçədən qorxur.

Paşinyanın 5 aylıq hakimiyyətinə, sadəcə, ara verildi. Paşinyan küçədən qazandığı reytinqi hələ itirməyib, elə ona görə parlament seçkilərini tez keçirməyə çalışır. Korrupsiya ilə mübarizə ona xal qazandırdı. İqtisadi islahat və xarici siyasətdə isə öyünüləsi uğuru yoxdur. Tam əksinə, Rusiya ilə münasibətlərdə inamsızlıq yaranıb, Qərbdən gözlədiyi siyasi və maliyyə dəstəyini isə əldə edə bilməyib".

Politoloqun sözlərinə görə, Ermənistanda qarşıdakı ay yarım ərzində çox maraqlı və gərgin proseslər cərəyan edəcək:“Yenilər köhnələri, o cümlədən ”Qarabağ klanını" həm hakimiyyətdən, həm də müxalifətdən uzaqlaşdırmağa çalışacaq. Paşinyan birincini həll edib, indi ikincini reallaşdırmalıdır. Bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri olacağı sualına isə gələn ilin əvvəlindən aydınlıq gəlməyə başlayacaq".//Yeni Müsavat

Hövsanda TƏHLÜKƏ: İnsanlar rahat gəzə bilmirlər - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR