Noyabrın 17-də avtoqəza nəticəsində ölən əsgər Hrant Qasparyanın valideynləri Müdafiə nazirliyinə müraciət edərək, onunla eyni hərbi hissədə xidmət edən digər oğlunu vaxtından əvvəl ordudan təxris etməyi xahiş ediblər.
Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, valideynlər böyük oğlun ölümündən sonra onunla eyni hərbi hissədə xidmət edən digər oğlunu geri hərbi hissəyə göndərmək istəmirlər.
Məlumata görə, 20 yaşlı Hrant Qasparyan Malatya-Sebastya rayonunun sakini olub. O, yanvar ayında ordudan təxris olunmalı idi. Hadisə Qubadlı yolunda, əsgərləri daşıyan “Kamaz” markalı avtomobilin qəza törətməsi nəticəsində baş verib.
Həmin gün ölən Hrant Qasparyanın qardaşı, onunla eyni hərbi hissədə xidmət edən Narek Qasparyanın ad günü olub. Qardaşının dəfn mərasimində iştirak etmək üçün ona 10 günlük məzuniyyət verilsə də, daha sonra noyabrın 16-da bitməli olan məzuniyyət müddəti artırılıb.
Qasparyanın atası oğlunun xidmət müddətini başa vurmağa 1 il qalan kiçik oğlunu hərbi xidmətdən vaxtından tez azad edilməsi üçün Müdafiə Nazirliyinə müraciət etdiyini bildirib. O, həmin qəzada ölən digər erməni əsgər, “Kamaz” markalı avtomobilin sürücüsü Edqar Hunanyanın valideynləri tərəfindən avtomobilin nasaz olması barədə açıqlaması ilə razı olduğunu qeyd edib və bildirib ki, bu, istintaq komitəsi tərəfindən yayılan şəkillərdə avtomobilin təkərinin vəziyyətindən də məlumdur.
“Nasaz maşınları idarə etməyə məcbur edirlər. Onlar Qubadlıdan 3-4 gün əvvəl qayıtmışdılar, ancaq yenə ora aparırdılar. Hadisə cavabdeh zabitlərin səhlənkarlığı ucbatından baş verib. “Kamaz”da silah, dəmir, çarpayının nə işi vardı, bu yük yoxsa sərnişin avtomobili olub? Adam, əşya - hamısını bir yerə kartof kimi doldurub daşıyıblar. Bir neçə aydan sonra təxris edilməli olan hərbi qulluqçular oradan yeni gəldiyi halda, niyə təkrar Qubadlıya aparılırdı, deyən yoxdur”, - ölən əsgərin atası, Arayik Qasparyan söyləyib.
Ərazidə yaxşı yol olduğunu vurğulayan Qasparyan qeyd edib ki, məsul şəxslər 10 litr yanacaq dərdindən qısa və nasaz yolla sürməklə qəzaya səbəb olublar. Belə ki, onlar qısa yolla apararaq xərclərə qənaət edir, qənaət etdikləri vəsaiti isə ciblərinə qoyurlar.
Hazırda valideynlər Ermənistan Müdafiə Nazirliyinin cavabını gözləyirlər. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı aparılan xidməti araşdırma nəticəsində bir sıra hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilib və cəzalandırılıblar
Qeyd edək ki, ölən erməni hərbi qulluqçunun ailəsinin sosial vəziyyəti ağırdır və onlar birotaqalı mənzildə yaşayırlar.