Şou-biznes əhli benzinin bahalaşmasından danışdı: “Qiymətimiz qalxacaq” - SORĞU

Şou-biznes əhli benzinin bahalaşmasından danışdı: “Qiymətimiz qalxacaq” - SORĞU
16:29 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edildi. Lent.az-ın əməkdaşı benzinin qiymətinin qalxmasıyla bağlı şou-biznes nümayəndələrindən münasibət öyrənib.

 

Xalq artisti Səməd Səmədov: “Benzinin qiyməti qalxmağı mənə ziyan etməyəcək. Çünki maşını mən idarə etmirəm. Prodüserim Rövşən sürür. Qiymət qalxıbsa, toylarımın qiyməti qalxmayacaq. Əvvəl neçəyə gedirdimsə, indi də elə”.

 

Müğənni Əli Mirəliyev: “Gözüm zəif gördüyünə görə, maşın idarə etmirəm. Harasa getmək lazım olanda, oğlum, ya da kürəkənim sürür. Benzinin qalxması mənə çox təsir etdi. Azərbaycanıyam. Özüm də 160 manat pensiya alıram. Benzinin qalxmağı yaxşı hal deyil. Bütün dünyada bənizinin qiyməti düşür, Azərbaycanda isə qalxır. Bu necə olur? Düzgün deyil. Benzin qalxdısa, hər şey qalxacaq”.

 

Prodüser Tolik (Tarix Əliyev) : “Düşünürəm ki, bu benzinin qiymətinin qalxmağı haradasa xeyirlidir. Tıxacların qarşısını alacaq. Amma elə təbəqə də var ki, benzinin qiyməti 5 manata da olsa, maşın sürəcəklər. Məncə, bu siyasətdir, maşınların sayı azalsın”.

 

Əməkdar artist Zöhrə Abdullayeva: “Benzinin qalxmağından mənə nə? Hökumətimiz belə məsləhət bilib, qiyməti qaldırıb. Qiymətin qalxmağının mənə təsiri yoxdur”.

 

“Space” radiosunun ararıcısı Famil Məcid: “Benzin sərvətdir və sərvət getdikcə dəyərini artırmalıdır”.

 

Əməkdar artist Elza Seyidcahan: “İndi sizdən eşitdim. Mən avtomobil idarə edirəm. Hər gün 15-20 manatlıq benzin vururam. İnsanlar da var ki, maşını öz kefləri üçün sürürlər. Onların pulu çoxdur. Benzin qalxıbsa, bizim də qiymətimiz qalxacaq. Yəni toylara 1 manata gedirdiksə, indi 2 manata gedəcəyik”. 

 

Aparıcı Vüsalə Kərimova: “Bir sürücü kimi benzinin qiymətinin artması məni də narahat edir. Mən avtomobilimə premium benzindən tökürəm. Benzinin qalxması ictimaiyyət arasında kifayət qədər ajiotaj yaradır. Tarif Şurası vaxtaşırı qiymət artımı məsələsinə baxır və qərar verir. Hesab edirəm ki, bəzi işbazların benzinə əlavələr edərək su qatmasının da qarşısı alınsa, narazılıq olmaz”.

 

 

Müğənni Əkbər Əliyev: “Təəccüblənmirəm. Mənim üçün normaldır. Artıq bir neçə ildir ki, hər şeyə normal baxıram. Qalxıbsa, demək belə məsləhətdir. Nə mənim, nə sənin, nə digərinin sözü ilə benzinin qiyməti aşağı düşəsi deyil. “Tak şto” bütün sürücüləri təbrik edirəm. Şaxta babaya çox sağ ol deyirəm ki, köhnə ildən, yeni ilə təzə hədiyyə verdi bizə”.

 

Müğənni Nicat Cəfərzadə: “Azərbaycanda benzinin qalxmağına adi baxıram. Çünki dünyanı iqtisadi böhran cənginə alıb. Bu prosesləri izlədiyimə görə, bilirəm ki, neftin qiyməti aşağı düşür. Benzinin qiyməti qalxacaq. Benzinin qiyməti qalxsa, deməli bir çox məhsulların qiyməti də artacaq. Müğənni olduğuma görə, öz adımdan əminliklə söyləyə bilərəm  ki, mənim toy qiymətim qalxmayacaq”.

 

Aparıcı Murad Əzimzadə: “Benzinin qalxması... Hamini bu münasibətlə təbrik edirəm”.

 

Müğənni Bəturə Hüseynova: “Benzinin qiymətinin qalxması pisdir. Neft və qaz ölkəsində ucuz olmalıdır”.

 

Müğənni Elariz Məmmədoğlu: “Hökumətimiz belə məsləhət bilibsə, belə də olmalıdır. Benzinin qalxması mənə təsir etməyəcək”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR