Bakı, 28 aprel, AZƏRTAC
İranın neft ehtiyatlarının hasilatında və nəqlində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nanotexnologiyalarının tətbiqi ilə bağlı SOCAR-ın “Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə İran Milli Neft Şirkətinin dəvəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub. Səfər çərçivəsində İranın Ofşor Neft Şirkətinin və Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə “Texnologiyaların transferi” mövzusunda keçirilən görüşdə SOCAR-ın işlədiyi nanotexnologiyalar, bu texnologiyaların əsas xüsusiyyətləri və tərəflərin niyyətləri müzakirə edilib, əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.
Qeyd olunub ki, bu ilin fevralında İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətində olmuş, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə aparılan danışıqlarda əməkdaşlıq perspektivləri, xüsusilə İranın neft yataqlarında SOCAR-ın nanotexnologiyalarından istifadə məsələləri müzakirə olunmuş, ikitərəli əlaqələrin daha da dərinləşməsinin vacibliyi önə çəkilmişdi.
İran səfərinin sonunda bu ölkənin neft ehtiyatlarının hasilatında və nəqlində SOCAR-ın nanotexnologiyalarının tətbiqi ilə bağlı Dövlət Neft Şirkətinin “Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.