Əligül Ağayev: "Cıdır düzündə səhnələr var ki, onları marşruta daxil edə bilmədim..."
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Onun "Əli və Nino turizm marşrutu" İranda keçirilən "Harakat" beynəlxalq festivalında 12 ən yaxşı layihədən biri seçilib və beynəlxalq mükafata layiq görülüb. Deyir ki, bütün iştirakçıların maraqla qarşıladığı bu layihə regionumuzu turizm baxımından beynəlxalq aləmdə təqdim etməkdə çox əhəmiyyətlidir. 54 ölkədən 85 nümayəndənin qatıldığı festivalda Azərbaycanı təmsil edən həmsöhbətimiz qalibiyyətini bizimlə bölüşdü.
"Örnək" rubrikamızın qonağı İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı Əligül Ağayevdir.
Əligül Bakıda anadan olub. Bakı Dövlət Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Alternativ sahə axtarışına çıxan həmsöhbətimiz, ikinci ixtisas kimi turizmi seçib: "Azərbaycan Turizm və Menecment Universitetinə qəbul oldum. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Turizm, fəlsəfə ilə yanaşı, ədəbiyyatı da çox sevirəm. Hətta özüm şeirlər də yazıram. Hazırda Xəzər Gənclər Evinin direktoruyam".
- Əligül, hər kəs roman oxuyur. Amma sənin oxuduğun roman səni qalib edib. İdeya necə yarandı?
- "Əli və Nino" ən sevdiyim romanlardan biridir. Romanı oxuduqca, sanki cümhuriyyət dövrünün şahidi oluram. Universitet illərində oxuduğum roman hərbi xidmətdə olarkən təsadüfən qarşıma çıxdı. Bu dəfə fərqli təəssüratlar yaratdı. "Əli və Nino"nu oxuyanda hiss etdim ki, Bakı üçün çox darıxmışam. Romanda adı çəkilən İçərişəhər, Qubernator bağı, Təzəpir məscidi, İsmailliyə binası və onların təhsil aldığı məkanların hamısı bir-bir gözümün önündə canlanırdı. Düşündüm ki, bu yerləri yenidən gəzərdim. Romanın məkanları ilə tanış idim. Birdən-birə qərara gəldim ki, magistr dərəcəsində diplom işimi elə yazım ki, "Əli və Nino" ilə əlaqəli olsun. Beləliklə, "Əli və Nino" ədəbi turizm marşrutunu yaratdım.
- Ədəbiyyatı sevirsiniz və çox əsər oxumusunuz. Bəs nə üçün məhz "Əli və Nino"?
- İlk növbədə, bu, Azərbaycana bağlılıq, sevgi faktoru ilə əlaqəli idi. Daha sonra isə, romanı araşdıranda gördüm ki, 33 dilə tərcümə olunub, 66 ölkədə çap olunub. XX əsrin yaxşı sevgi romanıdır. Yəni, həm marketoloji baxımdan, həm də iqtisadi baxımdan ən əlverişli roman idi. Bir də Bakını, Azərbaycanı təmsil edən ikinci belə bir roman yox idi. Bestseller olmağı, müxtəlif dillərə tərcümə olunması, kifayət qədər tanınması məsələnin bir tərəfidir. Növbəti tərəfi ondan ibarətdir ki, bu romana xüsusi inamım var idi və bilirdim ki, uğurlu olacaq. Bu inamla "Harakat" festivalına qatıldım.
- Festivaldan danışaq. "Harakat" festivalının keçirilməsində məqsəd nədir?
- İran İslam Respublikasının Elm, Tədqiqatlar və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə 2008-ci ildən etibarən keçirilən "Harakat" festivalı bu il beynəlxalq səviyyədə təşkil olundu. Festival dünyanın ən uğurlu gənc tədqiqatçılarını İrana cəmləməklə, ölkənin elmi imicini, mədəniyyətini təqdim edir, eyni zamanda, xarici və yerli alimlər arasında əlaqələri gücləndirir, dünya üzrə ən uğurlu layihələri öz ölkəsində təhsil alan tələbələrə təqdim edir, təcrübə mübadiləsi üçün şərait yaradırdı. Bu il 54 ölkədən 85 layihə təqdim olunmuşdu. Layihələr fərdi, komanda və universitetlər səviyyəsində təmsil olunurdu. Festival ərzində bütün layihələrin təqdim olunduğu sərgi, forumlar, təqdimatlar, mühazirələr və İranı qonaqlara təqdim edən ekskursiyalar baş tutdu. Tehranda başlayan layihə, Kaşan şəhərində davam etdi, festivalın əsas mərhələsi isə bu il İsfahan şəhərində baş tutdu. Ümumilikdə 12 layihə ən yaxşı tədqiqat işi olaraq seçildi ki, bunlardan biri də məhz mənim layihəm oldu.
- Sizin layihənizə və qalibiyyətinizə digər 54 ölkədən reaksiyalar necə idi?
- Düzü, məni dəvət edəndə bilmirdim ki, kimsə qalib gələcək və hansısa mükafat olacaq. Düşündüm ki, bu, sadəcə, təqdimatlardır. Əvvəllər İranın daxilində universitetlər öz işlərini təqdim edir və xüsusilə də İranda təhsil alan xarici tələbələr bu layihədə iştirak edirdilər. Bu il isə festivalı beynəlxalq miqyasda keçirdilər. Layihəm kifayət qədər maraqla qarşılandı. Mən layihəmi təqdim edərkən ilk olaraq sual verdim ki, aranızda kim ədəbiyyatı, kitab oxumağı sevir, ayağa qalxsın. Zalın müəyyən bir hissəsi ayağa qalxdı. Sonra soruşdum ki, bəs kim səfər etməyi sevir? Demək olar ki, zalda oturmuş olanların hamısı ayağa qalxdı. Dedim ki, kimin sevgiyə ehtiyacı varsa, özünü alqışlasın. Bütün zal özünü alqışladı. "Əli və Nino turizm marşrutu"nun özəlliyi ədəbiyyat, səyahət etmək və sevginin bir vəhdətidir. Avstraliya, Braziliya, Amerika, Fransa, İngiltərə, Rumıniya, Polşa, Rusiya, Türkiyə, Çin, Koreya, Oman, İtaliya, Bosniya, Vyetnam və Azərbaycandan məndən başqa 5 nəfər də iştirak edirdi. Orada da qeyd etdiyim kimi, xaricilər yaxşı qarşılasa da, məni ən çox təsirləndirən cənublu qardaşlarımızın sevinci idi.
Təbriz, Marağa, Ərdəbil, Səhəng, Urmiya tələbələri mənim adım çəkiləndə, "yaşasın Azərbaycan" nidaları səsləndirdilər. Təsirli məqam idi.
- Marşrutdan bəhs edin. Bu marşrut hansı məkanları əhatə edir?
- "Əli və Nino turizm marşrutu" Məhəmməd Əsəd Bəyin 30-dan çox dünya dilinə tərcümə edilmiş, 60-dan çox ölkədə çap olunmuş, Qurban Səid təxəllüsü ilə yazdığı "Əli və Nino" romanı əsasında hazırladığım bir ədəbi turizm məhsuludur. Bu əsərin seçilməsinə səbəb ölkəmizi, şəhərlərimizi özündə ən gözəl əks etdirən, XX əsrin ən gözəl eşq hekayəsi kimi qəbul olunan və Qərb dünyasında ən çox satılan əsərlərdən biri olması oldu. Məncə, "Əli və Nino" Azərbaycanın təqdim etdiyi bir simvoldur. İlk məkan Əli və Ninonun doğulub boya-başa çatdığı, təhsil aldıqları, bir-birinə aşiq olduqları Bakı şəhəridir. İndiki 132-134 nömrəli məktəb o zaman Ninonun təhsil aldı gimnaziya olub. İndiki İqtisad Universitetinin əsas korpusu Əlinin təhsil aldığı məktəb olub. Əli qaçırdı və riyaziyyat dərslərində partanın altından Ninoya kömək edirdi. İndiki Qubernator bağı Əli və Ninonun ilk dəfə öpüşdüyü məkan olub. Məsələn, Xınalıq kəndi onların ailə qurduğu məkandır. Gəncə onların bir-birindən ayrıldığı yerdir. Eyni zamanda Əlinin ermənilər tərəfindən öldürüldüyü məkandır. Tbilisi Ninonun vətənidir, eyni zamanda, onların bal ayını keçirdiyi yerdir. Tbilisinin özü ilə də bağlı xüsusi məqamlar var. Kükürd hamamları var ki, Əli xəstələnəndə orada müalicə almışdı. Gürcü şərabından bəhs olunur. Məsələn, Tbilisidə tanınmış şəxslərin məzarlığı var. Əli və Ninonun David dağını ziyarət etməsi səhnəsi var. Bütün bu məkanlar, hadisələr, təcrübələr hamısı mənə doğmadır və marşrut bu əraziləri əhatə edir. Amma həssas məqamlar da az deyil. Romanın lap əvvəlində onların səyahət etdiyi Azərbaycanın musiqi mədəniyyəti paytaxtı Şuşa şəhərindən bəhs olunur. Eləcə də, Cıdır düzündə səhnələr var ki, təəssüf ki, onları marşruta daxil edə bilmədim. Şuşa erməni işğalındadır. "Harakat" festivalı marşrut üçün də növbəti addım oldu. Mən iranlı partnyorlarla danışdım ki, marşrutu İran sərhədlərində böyüdək. Ümid edirəm ki, gələcəkdə Şuşanı da bu marşruta daxil edib tam bir marşrut olaraq fəaliyyət göstərə biləcəyik. Eyni zamanda, Bakının komissarlar tərəfindən işğal olunduğu müddət, mart soyqırımı zamanı Əli və Nino dəniz yolu ilə İranın Ənzəli şəhərinə, oradan isə Tehrana səfər ediblər və əsərdə göstərildiyi kimi, Nino öz hamiləlik müddətini Tehranda keçirib. Festival zamanı iranlı turizm tədqiqatçıları ilə danışıqlar apardım ki, yaxın gələcəkdə bu hissələr də marşruta əlavə oluna bilsin.
Milli.Az