Komediya kraliçasının parıltısı və səfaləti - FOTO

Komediya kraliçasının parıltısı və səfaləti - FOTO
04:32 17 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Sovet kinosunun ulduzu Tamara Nosovanın şan-şöhrətlə dolu həyatı tənhalıq və yoxsulluq içində sona çatıb 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Gözəl qadın, istedadlı aktrisa, komediyanın kraliçası - Tamara Nosovanı düşünəndə, kinosevərlərin ağlına maraqlı rollar və nostalji ilə dolu sovet kinosu gəlir. Tamara Makarovna doğrudan da sovet kinematoqrafiyasının "ulduzu" və heyrətamiz insan idi. Təəssüf ki, Tamara Nosovanın tərcümeyi-halı ekranlarda göründüyü kimi, buludsuz deyil. 

Onu "Sovet komediyasının kraliçası" adlandırırlar. Çəkildiyi ən məşhur filmlər arasında rejissor Eldar Ryazanovun "Karnaval gecəsi", Andrey Tutişkinanın "Malinovkada toy", Aleksandr Royun "Əyri aynaların krallığı", Viktor Titovun "Salam, mən sizin xalanızam", Aleksandr Ptuşkonun "İlya Muromes" və başqa populyar filmlər yer alıb.

Balaca aktrisa və ssenarist

Sovet kinosunun ulduzu 1927-ci ildə Moskvada dünyaya göz açıb. İlyarımdan sonra isə Tamaranın anası dünyasını dəyişir. Üç uşaqla tək qalmış və nə edəcəyini bilməyən ata övladlarını uşaq evinə verir. Onunla görüş 30 ildən sonra - Tamara Makarovna məşhur və populyar olandan sonra baş verir. Lakin artıq gec idi: Nosova yeni qohumlarla görüşməkdən imtina edir. 

Övladlığa götürüldüyü ailədə isə qız hamının sevimlisinə çevrilmişdi. Təhsildə əlaçı, pioner dəstəsinin üzvü, fəal idi. Tamara çalışırdı ki, başladığı bütün işlərdə müvəffəqiyyət qazansın. İncəsənətə maraq elə məktəb illərində özünü göstərdi. Tamara Nosova müstəqil şəkildə balaca dram dərnəyi yaratdı. Burada o, ilk dəfə özünü aktrisa və ssenarist kimi sınadı. Müharibə başlayanda Tamaranın ailəsi paytaxtdan Moskva ətrafına təxliyə olundu. Məktəbi də elə burada bitirdi. 1945-ci ildə ailəsi geriyə - paytaxt Moskvaya qayıtdı. Burada Tamara Makarovna Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil oldu.

Gənc istedad tez nəzərə çarpdı, lakin onun arzuladığı dramaturji aktrisa ampluası Nosovaya qismət olmadı. Müəllimlər bir ağızdan təkrarlayırdılar ki, Tamara mütləq özünü komedik rollarda sınamalıdır. Bir az sonra məlum olur ki, Nosova mürəkkəb dramatik rollarda çəkilməyə də qadirdir. Tezliklə Tamaranı istedadlı rejissor və aktyor peşəsini öyrədən müəllim Sergey Qerasimovun tələbəsi müşahidə etdi. Beləliklə, Nosova haqqında Sergey Appolinarieviç xəbər tutdu və gənc aktrisanı ilk rola təsdiq etdi. Bu, "Gənc qvardiya" filmindəki Valentina Filatova rolu idi. İlk çəkilişlərdən dərhal sonra Tamara Makarovna tanınmış rejissorlar - Mixail Çiaureli, Boris Barneta və başqalarından dəvətlər almağa başladı. Beləcə, Tamara Nosovanın filmoqrafiyası böyüməyə başlayır. İnstitutu bitirəndən dərhal sonra - 1950-ci illərdə Nosova "Qızıl ulduzlu kavaler" filmində Anfisa roluna çəkilir. Bu işinə görə aktrisa Stalin mükafatına layiq görülür. 

Aktrisa Nosovun Aleksandr Fadeyevin romanı əsasında çəkdiyi "Gənc qvardiya" filminə hələ institutda təhsil alarkən çəkildi. Daha sonra "Berlinin dağılması" filmində rol aldı. Tamaranı əsasən komedik və satirik rollara dəvət edirdilər. "Müfəttiş"də Marya Antonovna, "Karnaval gecəsi"ndə katibə Tosya, "Ölü ruhlar"da Koroboçka, "Salam, mən sizin xalanızam"da Roza Dalvadores - rollarına görə aktrisa daim təbəssümlərlə qarşılanır. Tamaranın fotoları pərəstişkarlarının otaqlarındakı divarları bəzəyirdi. Kişilər onun dəlisinə çevrilmişdi. Ancaq aktrisanın kişilərə münasibətdə zövqü çox fərqli idi.

"Əyri aynalar krallığı" filmində aktrisa gücünü uşaq filmlərində də sınamaq istəmişdi. Hər şeyi özü qazanmağa adət etmiş Tamara Nosova nağıl qəhrəmanlarının personajları üzərində də müstəqil çalışmağa başladı və tezliklə bütün ölkə ekranlar qarşısından ayrıla bilmədi. Onun çəkildiyi "Dünyanın o başındakı krallıq", "Əyri aynalar krallığı", "Od, su və mis borular" tamaşaçıları ekran qarşısında oturmağa vadar edirdi.

Övladsızlıq  və yalqızlıq

O, sovet kinosunda axmaq qadın obrazını yaradan ilk aktrisa idi. Tamara ağzını iri açır, mavi gözlərini bərəldir və adi sözlər deyirdi. Bunların hamısı o qədər gülməli görünürdü ki, tamaşaçılar gülməkdən yıxılmaq dərəcəsinə gəlirdilər. Rejissorlar Tamaranı filmlərində çəkilmək üçün dəvət edirdilər. Axı o, ən epizodik rolları belə yaddaqalan rollara çevirməkdə usta idi. 

Ancaq Tamara Nosovanın şəxsi həyatı karyerasındakı kimi müvəffəqiyyətli olmadı.

Ona xüsusi xalq məhəbbətini və şan-şöhrəti "Qızıl ulduzlu kavaler" gətirdi. Filmdə Nosova  baş rolllardan biri olan Anfisanı canlandırırdı. Əvvəlcədən hamıya məlum idi ki, o, "ulduz" olacaq. Elə həmin vaxtda Tamara gənc, gözəl diplomatla qarşılaşır və cütlük çox düşünmədən nikaha girib Vyanaya gedir. Tamaranın əri təyinatını Avstriyaya almışdı. Həyat yoldaşı həddən artıq qısqanc olduğundan, kino haqqında söhbət belə ola bilməzdi. O istəmirdi ki, onun sevimli həyat yoldaşı üzdə olsun. Onlar altı il bir yerdə yaşadılar. Aralarındakı sevgi bitdiyindən, Tamara ərini Avstriyada tək qoyub geri - evinə döndü. İlk məhəbbət və ilk ailə dağıldığından Tamaraya Moskvaya dönməkdən başqa çarə qalmamışdı. Amma burada onu yeni rollar gözləyirdi. Həyatındakı uğursuzluqdan sonra o, "Müfəttiş" filmində Mariya Antonovna rolu ilə təsəlli tapdı.

Bir dəfə Yaltada filmin çəkilişində olarkən Tamara tanınmış aktyor nəslindən olan Yuri Boqolyubovla tanış olur. Onlar həmən ümumi dil tapa bilirlər və tezliklə birgə yaşamağa başlayırlar. Yuri Boqolyubovla olan nikahı nisbətən uzun sürsə də, yenə xoşbəxt ola bilmir. Ayrıldıqdan sonra Yuri Qalina adlı qızla tanış olur və ömrünün sonuna kimi də onunla birgə yaşayır.

Tamara Makarovnanı öz filmlərinə çəkilməyə dəvət edən yazıçı-nağılbaz Vitaliy Qubarevla olan üçüncü nikahı, aktrisanın dediyinə görə, xoşbəxt anlarla dolu olsa da, Tamaranın analığı tərəfindən dağılıb. Yaşlı qadın Tamaranı və onun həyat yoldaşını hər zaman diqqətdə saxlamağa çalışırdı. Bir dəfə belə güclü təzyiqə dözməyən cütlük ayrılmaq qərarına gəlir. 

Tamara Nosovanın axırıncı məhəbbəti - rejissor Nikolay Zaseyev də qadına xoşbəxtlik verə bilmədi. Münasibətlərinin romantik və cazibədar olmasına baxmayaraq, Nikolay öz qızını və keçmiş həyat yoldaşını atmadı. Sevimli kişi tək deyildi, onun arvadı və bir qızı vardı. Həyat yoldaşı tələb edirdi ki, Nikolay ailəsinə dönsün, yoxsa o, həm özünü, həm də qızını qazla zəhərləyəcək. Təhdid və dava edirdi ki, Nikolay öz sevgilisini atsın. Nosova çox həyəcanlanır və Kolyaya yalvarırdı ki, arvadının sözünə baxsın və onların yanına qayıtsın. Kolya getmək istəmirdi, çünki Tamaranı sevirdi. O vaxtlar Nosovanın ən xoşbəxt və gözəl illəri idi. O, ərinin filmlərində çəkilirdi. "Əyri aynalar krallığı"nda Laska xala rolunu oynadı. 

Bütün bu acı və sevinclərlə keçən 4 ildən sonra onlar ayrıldılar. Amma Nikolay əvvəlki kimi Tamaranı sevir və bütün filmlərinə onu çəkilməyə dəvət edirdi. Qadın isə onun dəvətlərini qəbul etmirdi. Bu nikah da əvvəlki kimi düz altı ilin tamamında bitdi. 

Həyatında baş verən bu qədər uğursuzluqdan və bütün ümidini itirdikdən sonra Nosova özünü incəsənətə həsr etdi. Tamara Makarovna övladsızlığa və yalqızlığa düçar oldu. 

Akrtisanın səfaləti

Tamara Makarovnanın ömrünün axırına yaxın başına gələnləri jurnalistlər "Komediya kraliçasının parıltısı və səfaləti" adlandırırdılar. Ömrünün son illərini aktrisa çox kasıb yaşayırdı və bundan utanırdı. Bir dəfə o, səhnəyə köhnə gecə köynəyində və qaloşda çıxdı. Nosovanın əyləncəsi yalnız Dikkensin və Şekspirin orijinaldan yazılmış kitabları olurdu. Onun səfaləti doğrudan da qorxulu idi - vaxtilə populyar olan aktrisanın kömək edəcək heç kimi qalmamışdı və qadın cüzi təqaüdlə çox vaxt ac qalırdı. 

1991-ci ildə aktrisa "Mosfilm"i və Kinoaktyorlar teatrını tərk etdi. Yeni filmlər çəkməyə imkan olmadığından, aktyor tərkibinin yarısı - 350-700 aktyor bir anda ixtisara düşdü. Onların arasında Tamara Makarovna da var idi. Öz səfalət halından utanan aktrisa qohumları və tanışları ilə ünsiyyətdən çəkinirdi. Hətta pərəstişkarları belə onun səfalət və aclıqla mübarizədə tək qaldığından xəbərsiz idi. 

2007-ci ildə aktrisa insult keçirdi. Qadın sosial müdafiə işçilərindən başqa heç kimlə əlaqə saxlamadığından, onu 5 gündən sonra acınacaqlı vəziyyətdə tapdılar. Ətrafında ona kömək edəcək kimsə yox idi. Mənzilin qapısını polislər sındırdı. Yarımcan qadın döşəmədə uzanmışdı. Onun üzərində tarakan və siçovullar gəzirdi. Onu xəstəxanaya apardılar. Artıq çox gec olduğundan Tamaranı xilas etmək mümkün olmadı. Aktrisa 2007-ci il martın 25-də, 80-ci ildönümündə dünyasını dəyişdi. Həkimlər ölümün səbəbini beynin işemik ölümü - insult adlandırdılar. Tamara Nosovanın cənazəsinin külü Vaqankovski qəbirsanlığındadır. Noyabrın 30-da aktrisanın 90 yaşı tamam olur.

"Şan-şöhrətlə dolu olan bir ömür səfalət içində sona çatdı" - deyə ölümündən sonra Rusiya mətbuatı yazırdı. Ən ağrılısı isə, aktrisanın ölümünə pərəstişkarlarından başqa acıyan doğmasının olmaması idi...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/709327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR