Həzrət Fatimə övladlarının pənahgahı və möminlərin istirahət yeri

Həzrət Fatimə  övladlarının pənahgahı və möminlərin istirahət yeri
23:17 18 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Məsumeyi-Qum şəhərinin və onun əhalisinin fəziləti barəsində çox sayda hədis mövcuddur. Qazi Nurullah Şuştəri bu haqda buyurur: "Qum və onun əhalisinin fəziləti barəsində Peyğəmbər (s) və Məsum İmamlardan (ə) gələn hədislərin sayı çoxdur".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu fəzilətlər ilə tanış olaq:

1. Allah insanlarının şəhəri. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, dördüncü səmaya aparılmışdım, dörd sütunu və dörd qapısı olan lulu daşından olan günbəz gördüm və sanki yaşıl ipəkdən idi. Dedim: "Ey Cəbrayil! Dördüncü səmada bu günbəzdən gözəlini görmədim, bu, nədir?".

Cəbrayil (ə) deyir: "Məhbubum Muhəmməd! Bu, Qum adlandırılan şəhərin simasıdır. Oraya Allah bəndələri toplaşacaq və Muhəmmədin (s), Qiyamət gününün şəfaətinin və hesab verməyin intizarındadırlar. Onlara qəm-qüssə, narahatlıqlar daxil olacaqdır".

2. Nəcib insanların diyarıdır. Həmad Nab adlı bir nəfər nəql edir: ""Bir dəstə insanla birlikdə İmam Sadiqin (ə) xidmətində idik. İmran ibni Abdullah Qumi daxil oldu. İmam (ə) onun halını soruşdu və onunla xoş rəftar etdi. O, ayağa qalxıb gedən zaman İmama (ə) dedim: "Bu, kimdir ki, onunla belə xoş rəftar etdiniz?".

İmam (ə) buyurdu: "O, nəciblər nəslindən, yəni Qum əhlindəndir".

3. Ölkələrin hüccətidir. İmam Sadiq (ə) buyurur: "Allah Kufə şəhərinə başqa şəhərlərdən daha çox hüccəti tamamladı. Allah Qum şəhərinə isə onun əhalisi vasitəsilə şərq və qərbdə, cin və insdən olan sakinlərinin hamısına hüccəti tamamlamışdır. Allah onun əhlini (dində) zəif etməmişdir, tövfiq vermiş və təsdiq etmişdir. Elə bir zaman gələcəkdir ki, Qum şəhəri və əhalisi başqa insanlara hüccət olacaqlar.

O, bizim Qaimin (ə.f) zamanından zühuruna qədərdir. Əgər belə olmazsa, yer öz sakinlərini udar. Mələklər çətinlikləri Qumdan və sakinlərindən dəf edər. Allah Qumu hökumət etdikləri zamanda hegemonların yadından çıxardar, necə ki, onlar Allahı yada salmağı unudublar".

4. Elm və fəzilət mədənidir. İmam Sadiq (ə) Kufə şəhərini xatırlayan zaman buyurur: "Kufə gələcəkdə möminlərdən boş olacaqdır. Elm və bilik ona arxa çevirəcəkdir. Necə ki, ilan öz yuvasında arxa çevirər. O zaman elm Qum adlı şəhərdə zahir olacaq və ora elm və fəzilət mədəni olacaqdır. Belə ki, yer üzərində dindən agah olmayan insan qalmayacaqdır. O zamanda hətta pərdə arxasında əyləşən qadınlar belə, dini mövzulardan agah olacaqlar. Bu, bizim Qaimin (ə.f) zühuruna yaxındır. O zaman Allah Qumu və əhalisini hüccət məqamına qaim qərar verəcəkdir. Əgər belə olmazsa, yer öz sakinlərini udar. Artıq onun üzərində hüccət qalmaz. O əsrdə elm Qumdan dünyanın şərq və qərbinin müxtəlif nöqtələrinə axacaqdır. Beləliklə Allahın hüccəti insanlara tamam olacaqdır. Belə ki, elə insan tapılmayacaqdır ki, İlahi elm və dini göstərişlər ona çatmamış olsun. Bu zaman Qaim (ə.f) zühur edəcəkdir".

5. Möminlərin istirahət yeridir. İmam Sadiq (ə) buyurur: "Nə zaman sizə bəla və zillət çatsa, Quma gedin. Çünki ora Fatimə (s.ə) övladlarının pənahgahı və möminlərin istirahət yeridir. Elə bir zaman gəlib çatacaqdır ki, övliya və dostlarımız bizdən qaçacaqlar. Bizdən uzaq olacaqlar ki, bizim dostumuz kimi tanınmasınlar. Qanları və malları qorunmuş olsun. Bu, onların faydasınadır".

6. Behişt qapısının açıldığı yer. Səfvan Yəhya nəql edir: "Bir gün İmam Kazımın (ə) xidmətində olanda Qumdan, sakinlərindən və Həzrət Məhdiyə (ə.f) olan meyillərindən söz düşdü. İmam (ə) onlara rəhmət göndərib, buyurdu: "Allah onlardan razı olsun. Behiştin səkkiz qapısı vardır. Onlardan biri o qumlularındır. Bizim davamçılarımız arasından Qum əhli başqa şəhərlərdən daha üstündür. Allah sevgimizi onların fitrətinə qarışdırmışdır".

7. Müqəddəs diyardır. Əbu Müslim Əbdi nəql edir: "İmam Sadiq (ə) buyurmuşdur: "Qumun torpağı müqəddəsdir. Sakinləri bizlərdəndir və biz də onlardan. Qum əhli bizim Qaimə (ə.f) yardım edənlərdir və bizim haqqımıza dəvət edərlər".

Sonra başını göyə qaldırıb buyurdu: "Allahım! Onları hər bir fitnədən qoru və hər bir həlakətdən nicat ver!"".

8. Ali-Muhəmməd (ə) Qaiminin (ə.f) ənsarlarıdır. Əffan nəql edir: "İmam Sadiq (ə) mənə buyurdu: "Bilirsənmi ki, bu şəhəri nə üçün Qum adlandırıblar?".

Mən dedim: "Allah, Rəsulu (s) və siz daha agahsınız".

İmam (ə) buyurdu: "Bu şəhər ona görə Qum adlanır ki, insanları Ali-Muhəmməd (ə) Qaimi (ə.f) ilə qiyam edəcək, onun üçün mətanət göstərəcək və ona yardım edəcəklər".

9. Əhli-Beytin (ə) hərəmidir. İmam Sadiq (ə) buyurur: "Allahın hərəmi vardır və o, Məkkədir. Peyğəmbərin (s) hərəmi vardır və o, Mədinədir. Əmirəl-möminin (ə) hərəmi vardır və o, Kufədir. Məndən sonra mənim və övladlarımın hərəmi Qumdadır".

10. Bərəkətli şəhərdir. İmam Sadiq (ə) buyurur: "Qumun yuxarısında mələklər qanadlarını açmışdır. Allahın salamı olsun Qum əhlinə! Allah diyarlarını yaxşı hala salmışdır. Qumlular rüku, səcdə, qiyam əhlidirlər. Onlar fəqih, alim, şüurlu, hədis əhlidirlər. İbadəti yaxşı şəkildə yerinə yetirirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/713047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR