Hamiləliklə bağlı problemlər müzakirə olunub -

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) Təkrarlanan düşüklər və tromboemboliya problemlərinə həsr edilmiş konfrans keçirilib.

Tibb Universitetindən Metbuat.az-a verilən məlumata görə, klinikanın direktoru, professor Surxay Hadıyev bu tip konfransların ictimaiyyətin maarifləndirilməsi baxımından çox yararlı olduğunu bildirib:

"Klinikamızda ənənə halını alan belə tədbirlərdə tibb sahəsinin mütəxəssisləri, peşəkar həkimlərin fikir və bilik mübadiləsi üçün şərait yaranır. Bütün dünyada ana-uşaq problemləri daim dövlətin, səhiyyənin diqqət mərkəzindədir. İnanıram ki, bu gün müzakirə ediləcək məsələlər ana-uşaq sağlamlığı ilə bağlı problemlərin həllinə öz töhfəsini verəcək”.

Açılış nitqindən sonra ATU-nun II mamalıq ginekologiya kafedrasının müdiri Hicran Bağırova və ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sədrliyi altında sessiyalar işinə başladı. Konfransda Azərbaycanla yanaşı, İsraildən gələn mütəxəssislərin fərqli mövzular üzrə mühazirələri dinlənilib.

Hadassah Universitetinin Hospitalının həkimi Gülnar Nuriyeva “Təkrarlanan düşüklərin etiopatogenezi”, Barzilai Medical Centerin əməkdaşı Əhməd Namazov “Anadangəlmə uşaqlıq qüsurların diaqnostikası, müalicəsi”, NS Genetics-in əməkdaşı Şirxan Musayev “Abort biomaterialların genetik təhlili və önəmi”, ATU-nun ginekoloqu Nurlana Əmrahova “Hamiləlikdə maqnezium çatışmazlığı: simptomları və müalicəsi”, ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov “Təkrarlanan düşüklərdə antikoagulant və antiaqreqantların elmi-sübutlu istifadəsi”, ATU-nun ginekoloqu İslam Mahalov “Artıq çəkili qadınların hamiləlikdə, ginekoloji əməliyyatı sırasında tromboemboliyanın profilaktikası” mövzularında mühazirələrlə çıxış ediblər. Mühazirələr ətrafında müzakirələr də təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2 Davamedici Tibbi Təhsil Balı veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR