“The Guardian” qəzeti bizə çox tanışdır, uzun illərdir ki, bu mətbuatı yaxından izləyirəm. Azərbaycanla bağlı bu qəzetin daim qərəzli münasibətləri olub.

Bu sözləri Publika.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, ekspert Azər Həsrət Böyük Britaniyanın “The Guardian” nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı verilmiş iftira və böhtan xarakterli məqaləyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunları keçiriləndə qəzet demək olar ki, hər gün ölkəmizlə bağlı 3-4 məqalə yazırdı:

“Həmin məqalələrin hamısı Azərbaycana qarşı və təktərəfli olurdu. Guya ölkəmizə qarşı tənqidi fikirlər yazırdılar, lakin o tənqidlərə cavab vermək üçün heç kimə müraciət edib danışdırmırdılar. Biz onlara etiraz məktubu yazırdıq, lakin onu belə dərc etmirdilər. Yəni bu qəzet konkret olaraq mərkəzlərin əlində bir alətdir. Ona görə də indi onların Prezidentin ailəsi ilə bağlı yazdıqları, məqsədli şəkildə yaydıqları məlumatlar əsaslı və inandırıcı deyil. Onlar yenə də Azərbaycan dövləti və prezidenti haqqında məlumatlar yaymaqla ölkəmizi gözdən salmaq istəyirlər. Təbii ki, Azərbaycan dövləti rəsmi şəkildə onlara cavab verəcək. Çünki Kütləvi İnformasiya Vasitəsinin hər hansı məsələdə tərəf tutması, siyasi kampaniyaçılıq etməsi qərb ölkələrində çox da yaxşı qarşılanmır”.

A.Həsrət onu da vurğulayıb ki, Azərbaycan dövləti “The Guardian”ın kampaniyaçılığını faş edəcək dəlillərlə Beynəlxalq mediaya çıxmalıdır:

"Dünyaya çatdırılmalıdır ki, bu qəzet tərəfsiz siyasət yürütmür, siyasi kampaniyaçılıqla məşğul olur. 2015-ci ildə Azərbaycana qarşı bu cür qərəzli materiallar yazdıqlarına görə şəxsi əlaqələrimdən istifadə edərək “The Guardian” qəzetinə ünvanlı məktub yazmışdım. Məktubda “sizin yazdıqlarınız media siyasəti, etikası ilə daban-dabana ziddir, hər hansı partiyanın divar qəzeti kimi çıxış edirsiniz, tərəfsiz yayımla məşğul olmaq istəyirsinizsə mənim fkirlərimi yayın” ifadəsini işlətmişdim. Düzdür, məktubu dərc etmədilər, lakin həmin gündən ölkəmizə qarşı qərəzli məqalələr yaymadılar. Düşünürəm ki, yenə də onlara Azərbaycan tərəfdən reaksiya olmalıdır. Xüsusən də, bu ölkədəki səfirimiz qəzetin redaksiyasına gedib, onlarla açıq söhbər etməlidir ki, bu cür yalan informasiyalar yaymasınlar”.