Bu gün Azərbaycan Prezidenti İlham Əliyev 57-ci ad gününü qeyd edir. Bu münasibətlə dövlət başçımıza dünyannı çoxsaylı liderlərindən təbrik məktubları və zənglər gəlməkdədir. Bu liderlərdən biri də Rusiya Prezidenti Vladimir Putinidir. Rusiyanın dövlət başçısı dekabrın 21-də İlham Əliyevə təbrik məktubu göndərib.

“Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız. Dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfəniz əvəzsizdir. Bizim aramızda yaranmış münasibətləri yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv dialoqun və sıx birgə işin davam edəcəyinə ümid bəsləyirəm”, - məktubda qeyd edilirdi.

Bu gün isə Vladimir Putin İlham Əliyevə telefonla zəng edib. Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırıb. Prezidentlər öz əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərimizdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcəkdir.

“Bu, Prezident İlham Əliyevə olan şəxsi sayğıdan, inamdan və etibardan irəli gəlir” - ŞƏRH

Azərbaycan və Rusiya, o cümlədən dövlət başçıları arasındakı yaxın münasibətləri və Rusiya liderinin Azərbaycan Prezidentinə verdiyi yüksək dəyəri Publika.az-a şərh edən siyasi ekspert Azər Həsrət qeyd edib ki, İlham Əliyevə müstəsna diqqət göstərməsi təsadüf deyil.

Siyasi ekspert bildirib ki, Prezident İlham Əliyevə ad günündə belə yüksək diqqətin göztərilməsi heç kimi təəccübləndirmir:

“Cənab prezidentə xarici dövlət başçıları tərəfindən yüksək münasibət daim gündəmdə olub, onun şəxsiyyətinə yanaşma yüksək səviyyədə olub. Çünki, Azərbaycan Prezidenti özünün siyasətində düzxətli hərəkət edir, öz siyasətində pərdəarxası, hansısa qaranlıq söhbətlərə yer vermir, münasibətlərdə daim şəffafdır, Azərbaycan dövlətinin mənafe və maraqlarından çıxış edərək xarici ölkələrlə, xüsusən yaxın qonşularla münasibətlər qurur. Rusiya Prezidentinin azərbaycanlı həmkarına belə müstəsna diqqət göstərməsi də təsadüfi deyil. Prezident Putin istər Ulu Öndər Heydər Əliyevin sağlığında, istərsə də İlham Əliyevin 15 illik hakimiyyəti zamanı Azərbaycan dövlətinin Rusiya ilə münasibətlərə necə sadiq olduğunu hamıdan yaxşı bilir. Azərbaycan Cənubi Qafqazın digər dövlətlərindən fərqli olaraq, heç vaxt yaxın qonşusunun maraq və mənafelərini hansısa uzaq ölkələrin maraq və mənafelərinə qurban verməyib. Azərbaycan Rusiya ilə münasibətlərini həmişə yüksək səviyyədə tutub. Rusiyanın bir dövlət olaraq Cənubi Qafqazdakı maraqları məsələsində də Azərbaycan, əlbəttə ki, öz dövlət maraqlarını nəzərə alaraq birmənalı mövqe sərgiləyib. Yəni, Azərbaycan yaxın qonşusu Rusiya ilə strateji münasibətlərinə heç vaxt xənayət etməyib. Dünyanın böyük gücləri, ABŞ Rusiyaya bu və ya digər şəkildə təzyiqlər göstərəndə, Azərbaycan Rusiya ilə münasibətlərini həmin güclərin istədiyi kimi qurmayıb”, - o bildirib.

Cənubi Qafqazda ən çox rusdilli əhalinin yaşadığı ölkənin məhz Azərbaycan olduğunu dilə gətirən Azər Həsrət qeyd edib ki, Azərbaycan dövləti rus millətindən olan vətəndaşlarına heç bir ayrı-seçkilik tətbiq etmir, onların öz milli kimliklərini yaşada bilməsi və müxtəlif dövlət qurumlarında təmsil olunması üçün hər cür şərait yaradıb:

"Bunlar ona görə baş verir ki, Azərbaycan bir tolerantlıq ölkəsidir, burada multikulturalizm sözdə deyil, əməldədir. Təbii ki, belə olan halda rus millətindən olan vətəndaşlarımız ölkədən getmirlər, əksinə burada öz vətəndaş mövqelərini sərgiləyirlər, bizimlə çiyin-çiyinə Qarabağda da savaşırlar. Bütün bunlar Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin Rusiyaya hər zaman xoş münasibəti nəticəsində baş verir. Qonşu işğalçı Ermənistanda əhalinin 98 faizi ermənilərdən ibarətdir. Rusiyanın guya ən yaxın strateji tərəfdaşı olduqlarını iddia etdikləri halda, rusların orada yaşaması imkansız olub. Gürcüstanda da eyni qaydada ruslarla bağlı problemlər yaşanır. Amma Azərbaycanda belə problemlər yoxdur. Ona görə də Rusiya Prezidenti istər ad günündə, istərsə də ümumiyyətlə istənilən səviyyədə daim yüksək diqqət göstərir. Azərbaycan dövlətinin beynəlxalq platformalarda maraq və manefələrinin müdafiə olunmasında da Rusiyanın, şəxsən Putinin mövqeyini daim müşahidə edirik. Bu da, Prezident İlham Əliyevə olan şəxsi sayğısından, inamından və etibarından irəli gəlir. Azərbaycan Prezidenti o yüksək səviyyəli inam və etibarı qazanmasaydı, təbii ki, dünyanın qlobal güclərindən olan Rusiyanın rəhbəri onun ad günündə bu qədər əlavə diqqət göstərməzdi”.