"Hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var”

"Son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, üç yüz minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib: "Bu məqsədlər üçün dövlət çox böyük vəsait xərcləyib və bu da təbiidir. Çünki mən həmişə demişəm ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Bu il bu istiqamətdə çox böyük işlər görülüb. Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə böyük işlər görülür, həm Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində, həm də digər şəhər və rayonlarımızda. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilmişdir. Ancaq o da həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var. Onların problemləri də öz həllini tapacaq. Hazırda Dövlətqaçqınkom bu istiqamətdə öz işini davam etdirir, siyahılar dəqiqləşdirilir və növbəti ildə görüləcək işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır. Gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub".

Ölkə başçısı qeyd edib ki, bu il, eyni zamanda, köçkünlərin məişət problemlərinin həlli işində bir yenilik də olub.

"Özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlamışdır. Bu il “Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi idi. Orada da mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. O layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib. Bu, onu deməyə əsas verir ki, biznesin sosial məsuliyyəti də artır. Ümid edirəm ki, növbəti illərdə bizim böyük biznes strukturlarımız bu işlərdə köçkünlərə kömək göstərəcəklər. Əlbəttə, əsas işi dövlət öz üzərinə götürüb. Köçkünlərin problemlərinin həlli, onların məşğulluğunun artırılması üçün son illərdə milyardlarla manat vəsait xərclənmişdir. Ancaq imkanı olan şirkətlər əlbəttə ki, bu sahədə öz sözünü deməlidirlər və biz bunu görürük. Ümid edirəm ki, gələn il də biznes strukturları bu istiqamətdə öz sözünü deyəcəklər", - Prezident bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR