FTB tərəfindən axtarışda olan "Əl-Qaidə" terrorçusu Camal Əhməd Məhəmməd Əli əl-Bədəvi zərərsizləşdirilib.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp "Twitter"səhifəsində bu xəbəri təsdiqləyib.
"Bizim çox gözəl hərbçilərimiz "Koul" esminesinə qorxaq hücum zamanı həlak olan və zərər çəkən qəhrəmanlarla bağlı ədaləti bərpa etdilər. Biz indi bu hücuma rəhbərlik etmiş Camal əl-Bədəvini öldürdük. "Əl-Qaidə"yə qarşı işimiz davam edir", - deyə Tramp yazıb.
Əl-Bədəvi FTB-nin ən çox axtardığı terrorçulardan biri hesab edilirdi. Onun tapılması üçün informasiya verən şəxsə 5 milyon dollar mükafat vəd olunmuşdu.
Əl-Bədəvi 18 il əvvəl Yəməndə, Ədən şəhərinin limanında ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin gəmisinin partladılmasında iştirak edib. Partlayış nəticəsində 17 dənizçi həlak olub, onlarla insan yaralanıb.
Daha əvvəl Yəməndə də "Əl-Qaidə"nin yüksək vəzifəli komandirlərindən biri pilotsuz uçan aparatdan endirilən zərbə nəticəsində öldürülüb.