“Dövlət tərəfindən din xadimlərinə maddi dəstək davamlı olacaq”

“Hesab edirəm ki, dövlətdən maddi dəstək alan din xadimlərinə bu vəsaitin verilməsi davamlı olacaq”.

Metbuat.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, dövlətdən maddi dəstək alan din xadimləri üçün maddi vəsaitin artırılması hələlik nəzərdə tutulmur: "Məlumdur ki, maddi dəstək məscidlərdə çalışan üç kateqoriyaya aid din xadimlərinə verilir. Bu vəsait əməkhaqqı yox, maddi dəstəkdir. Hər məsciddə bir, böyük məscidlərdə isə iki din xadiminə bu vəsait verilir. Qafqaz Müsəlmanları İdarəsinin təsdiqlədiyi din xadimlərinin sayı çox ola bilər, lakin maddi dəstək hər təyin olunan din xadiminə verilmir. Bu, yalnız məsciddə çalışan və təyin olunan din xadimlərinə verilir".

M.Qurbanlı əlavə edib ki, məscidlərdə çalışan din xadimləri maddi baxımdan təmin edilməlidir: "Bu, dünyanın hər yerində belədir. Azərbaycanda da belə etməliyik. Ona görə ki, onların maddi dəstəyə ehtiyacı var. Maddi dəstək olmayanda müəyyən problemlər yarana bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR