Bakı, 30 aprel, AZƏRTAC
Bu ilin ötən dövrü ərzində ölkə üzrə 1819 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 66 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşəbbüsü ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair keçirilən işgüzar forumda məlumat verilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, işgüzar forumun təşkilində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Sabunçu rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Tədbirdə Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik həcmli istixana təsərrüfatlarının, makaron, dondurma və şirniyyat məhsulları istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1033 investisiya layihəsinin maliyyələşdirilməsinə 229,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 9,8 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, istixana təsərrüfatı, damazlıq quşçuluq, un və şirniyyat, mebel, ayaqqabı, suvenir, PVC tərkibli yarımfabrikat istehsalı sahələrinə yönəldiləcək. Bu layihələrin reallaşdırılması 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.
Forum çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış konserv məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

Bakı qəsəbələrində güzəştli kreditlər hesabına iri damazlıq-quşçuluq təsərrüfatları maliyyələşdirilib