Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17:36 21 Yanvar 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin qərargahında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Ölkəmizin Avstriyadakı səfirliyi ilə birgə təşkil olunan tədbirdə Azərbaycan və türk diasporlarının fəalları, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.

Səfirlikdən Trend-ə verilən məlumatına görə, tədbirdə şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək 29 il bundan öncə baş vermiş Qanlı 20 Yanvar hadisələrinin tarixi barədə danışıb.

Qeyd edib ki, son günlərini yaşamaqda olan kommunist rejimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda azadlıq tələb edən dinc sakinlərin üzərinə yüksək döyüş hazırlığına malik ordu hissələrini yeritdi. Bakıdakı azadlıq mübarizəsini boğmağa çalışan və bu yolla digər üzv respublikalara da dərs keçmək niyyətində olan rəsmi Moskva, əslində, bu aksiya ilə əks nəticə əldə etdi. Bakıda silahsız insanları qətlə yetirən və yaralayan sovet rejimi Azərbaycan xalqının müstəqillik arzusunu nəinki boğa bildi, əksinə, bu arzu və istəyi daha da alovlandırdı. Azərbaycan xalqı ittifaqın digər respublikaları üçün örnək oldu, SSRİ-nin süqutu prosesi daha da sürətləndi.

Səfir bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətə qarşı etiraz səsini ilk olaraq ulu öndər Heydər Əliyev ucaltdı, ona qarşı tətbiq edilən məhdudiyyət və təzyiqlərə baxmayaraq, bu vəhşiliyi qətiyyətlə pislədi və onun başvermə səbəblərini açıqladı.

Q.İsrafilov çıxışının yekununda qeyd edib ki, Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından qovulması, Ermənistanın Azərbaycana hərbi təcavüzü və milli azadlıq hərəkatı fonunda baş verən 20 Yanvar faciəsinə hüquqi qiymət verilməlidir.

Səfir Azərbaycan haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi fəaliyyətdə “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinə uğurlar arzulayıb.

Dərnəyin sədri Yardım Günəş 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, qərb dünyasında Sovet İttifaqının qan tökülmədən dinc şəkildə süqut etməsi iddia olunsa da, əslində Bakıda törədilən 20 Yanvar faciəsi kommunist rejiminin ən son təcavüzkar əməllərindən biri kimi tarixə düşüb. Həmin hadisələr vaxtı Azərbaycandan kənarda yaşayan soydaşlarımızın keçirdiyi hisslərdən bəhs edən Y.Günəşin çıxışından sonra 20 Yanvar hadisələri ilə bağlı Türkiyə və digər ölkələrdə yaşayan soydaşlarımızın etiraz aksiyalarına dair tarixi videomateriallar nümayiş etdirilib. O, Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Azərbaycan səfirliyi Avstriya Mətbuat Agentliyi vasitəsilə Qanlı Yanvar hadisələri ilə bağlı bəyanat yayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3008415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR