Azərbaycan istənilən şəxsin, o cümlədən siyasi müxalifətin öz etirazını ifadə etməsi üçün təminat verən bir ölkədir. Vətəndaşlarımız da bu təminatdan istədikləri zaman yararlanırlar. Lakin bəzi şəxslər və qurumlar, təəssüflər olsun ki, həddini bilməzlik edir, yaradılan şəraitdən sui-istifadə edirlər. Belə davrananlar arasında Milli Şura adı altında fəaliyyət göstərən qruplaşma da gözə dəyir. Onların yanvarın 19-da təşkil etdikləri mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə verdi, təhlükəsizlikləri təmin olundu. Lakin bu insanlar yaradılan əlverişli şəraitdən sui-istifadə etdilər. Mitinqin ardında küçələrdə şüarlar qışqırdılar, hətta yaxınlıqdakı metro stansiyasında qarışıqlıq salmağa cəhd göstərdilər. Bu azmış kimi, 20 Yanvar – Ümumxalq Hüzn Günü Şəhidlər xiyabanını ziyarət edərkən təxribat törətdilər. Ona görə də düşünürəm ki, Bakı şəhərinin rəhbərliyi bu şəxslərin bu cür aksiyalar keçirməsinin qarşısını qanuni yollarla alması məqsədəuyğun olar. Əks təqdirdə, bunlar şəhərdə ictimai asayişi pozacaqlar.
Bu fikirləri siyasi şərhçi Azər Həsrət söyləyib.
O deyib: “Ümumiyyətlə, düşünürəm ki, Azərbaycan dövlətinin vətəndaşların öz siyasi iradəsini sərbəst ifadə etmələri üçün yaratdığı şəraitdən kimlərinsə sui-istifadə etməsi bütövlükdə demokratikləşmə və liberallaşma siyasətinə ziddir. Maraqlıdır ki, radikallar bunu bildikləri halda ölkədə sabitliyi pozmağa, insanların əsəblərini gərib emosiyalarını tarıma çəkməyə çalışırlar. Bu yolla da çalışırlar ki, Azərbaycan hakimiyyəti bəzi Qərb hakimiyyətləri kimi zora əl atsın. Lakin görürük ki, bizim dövlətimiz o üsullara əl atmır, əksinə, ən radikal pozuculara münasibətdə belə yumşaq davranır, onları mütləq qanun və normalar çərçivəsində intizama dəvət edir. Yəni, Azərbaycan artıq bir aydan çoxdur ki, dünyanın gözü qarşısında öz etirazçı vətəndaşlarını qanına qəltan edən Fransa kimi davranmır. Yaxud da insanları dərisinin rəngi qara olduğu üçün ayrı-seçkiliyə məruz qoyub “təsadüfən” polis gülləsinə tuş gətirən ABŞ-dakı kimi davranmır”.
Siyasi şərhçi bildirib ki, bu gün Azərbaycanda insanların qanunlar çərçivəsində siyasi müxalifət mövqeyindən çıxış etməsi üçün hər cür şərait var. Lakin buna baxmayaraq, özünü Milli Şura adlandıran amorf bir qurumda birləşən siyasi manipulyatorlar – Əli Kərimli və onun kimi artıq çoxdan tükənmiş siyasi oyunbazlar insanları qızışdırmaqla suyu bulandırıb balıq tutmağa çalışırlar. Belə insanlara nə dövlət, nə də vətəndaşlarımız imkan verməməlidir ki, Azərbaycanda sabitliyi pozub bizi də Liviyanın, Suriyanın gününə salsınlar. Biz bugünkü sabitliyin əldə edilməsi üçün çox qurbanlar verdik və indi hansısa siyasət dəllallar o qurbanlar hesabına əldə edilmiş dayanıqlı sabitliyi poza bilməzlər. (azərtac)