"Dənizi çirkləndirənlərə qarşı sərt inzibati və hüquqi tədbirlər görüləcək"

“Xəzərin çirkləndirilməsinə səbəb olan tullantılara görə sahil zolağında yerləşən obyekt, müəssisə və təşkilatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin etdiyi xəbərdarlığın müddəti yazın ilk ayında başa çatır. Nazirlik xəbərdarlığa əməl etməyənlərə qarşı sərt inzibati və hüquqi tədbirlər görəcək”.

Metbuat.az xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov deyib.

Onun sözlərinə görə, müəssisə sahiblərinə müasir təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlıqlar edilib, bildiriş məktubları göndərilib, icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib: “Qarşıdan yaz-yay mövsümünün gəldiyini nəzərə alaraq, ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyətin yaranmaması üçün Nazirlik hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq edir ki, qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırsınlar. Əks halda, qanunamüvafiq qaydada sərt tədbirlər görüləcək”.

Ə.Həsənov həmçinin dənizin çirkləndirilməsinin qarşısının alınması üçün görüləcək tədbirlər barədə də məlumat verib: "Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması, dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi məqsədilə şimaldan cənubadək sahil zolağı boyunca monitorinq və araşdırmalar aparılır. Monitorinqlər zamanı Xəzər dənizinin sahil zolağında yerləşən müəssisə, təsərrüfat və yaşayış məntəqələrindən dənizə tökülən yüzlərlə axar qeydə alınıb və əksər obyektlərdə təmizləyici qurğular olmadığından tullantı sularının primitiv üsullarla şambolara yığılaraq heç bir təmizlənmə aparılmadan birbaşa Xəzərə axıdıldığı məlum olub. Dəniz öz təmizliyini bərpa etmək funksiyasına malik olsa da, onun davamlı çirkləndirilməsi təbii yollarla bərpa olunmasına imkan vermir. Bu da dənizin ekosisteminin tədricən məhvinə səbəb olur”.

Nazirlik rəsmisi bildirib ki, bütün dünyada su hövzələrinin tullantı suları ilə çirklənməsi məsələlərinə həssaslıqla yanaşılır, bu sahədə qanunvericiliyin tələbləri nəzarətdə saxlanılır: “Xəzər dənizinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz beynəlxalq konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir”.

Eyni zamanda o, məcburi göstərişləri yerinə yetirənlərin olduğunu da vurğulayıb: “Bəli, az da olsa, belə müəssisələr var. Tövsiyələri və məcburi göstərişləri yerinə yetirənlərə misal olaraq "Siyəzən Broyler” ASC, Neftçalada “Azər-Yod” MMC-ni və s. göstərə bilərik. Bu müəssisələrdə artıq təmizləyici qurğuların quraşdırılması istiqamətində işlər aparılır. Onu da deyim ki, məcburi göstəriş pozuntuları aradan qaldırmaq üçün işin həcmindən asılı olaraq, 2 ayadək verilən vaxtdır. Məcburi göstəriş yerinə yetirilməyəndə isə artıq inzibati tədbirlər görülür. Məqsədimiz kimisə cərimə etmək deyil, tullantıların atılmasını aradan qaldırmaqdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı