Bakı. 31 yanvar. REPORT.AZ/ Moldovanın “Şerif” klubunun futbolçusu Ziqi Badibanqanın “Neftçi”yə keçidi baş tutmayıb.
Bu barədə paytaxt təmsilçisindən “Report”a məlumat verilib. “Ağ-qaralar” həm 27 yaşlı belçikalı hücumçunun özü, həm də klubu ilə maliyyə şərtlərində razılığa gələ bilməyib. Konqo əsilli forvardın 2017-ci ilin fevralından formasını geyindiyi “Şerif”lə bu ilin iyununa qədər müqaviləsi var.
Badibanqa “Şerif”də “Neftçi”nin hazırkı baş məşqçisi Roberto Bordinin rəhbərliyi altında da oynayıb. Bu səbəbdən italiyalı mütəxəssis potensialına bələd olduğu hücumçunu təkrar sərəncamında görmək istəyirdi.
Qeyd edək ki, Badibanqa 2017-ci ildə Çempionlar Liqasını III təsnifat və ötən il Avropa Liqasının pley-off matçlarında “Qarabağ”a qarşı forma geyinib. O, 2017-ci il avqustun 1-də Tiraspolda ağdamlılara 1:2 hesabı ilə uduzduqları görüşdə komandasının yeganə qoluna imza atıb.