"Bu il Məşvərət Şurasına qatılan ölkələrin sayı artıb"

"Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 5-ci iclasında Cənubi Qaz Dəhlizi müzakirə edilib və bu istiqamətdə aparılan işlərdən danışılıb".

Metbuat.az-ın məlumatına görə, bunu Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, Cənubi Qaz Dəhlizinin Məşvərət Şurası Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb: "Bugünkü iclasda da Azərbaycan prezidenti iştirak edib və Məşvərət Şurasının iştirakçılarına öz tövsiyələrini verib, vəzifələri müəyyənləşdirib. Dövlət başçısı dərin məzmunlu çıxışı zamanı Cənubi Qaz Dəhlizi çərçivəsində görülən işləri yüksək qiymətləndirilib və gələcək işlər haqqında da danışıb".

Nazir bildirib ki, ümumilikdə bu il Məşvərət Şurasına qatılan ölkələrin sayı artıb və 17 ölkə iştirak edib. Məşvərət Şurasında ilk dəfə olaraq Serbiya, Macarıstan və San-Marino da iştirak edib. Sözsüz ki, iştirakçıların sayının artması bu layihəyə marağın artması deməkdir. Ümumiyyətlə bu layihə bütün iştirakçı dövlətlər üçün ilk növbədə enerji təhlükəsizliyidir, amma eyni zamanda davamlı iqtisadi inkişaf deməkdir. Qeyd edim ki, layihənin 3 hissəsi Şahdəniz Qaz yatağı, Cənubi Qafqaz borusu və TANAP artıq demək olar ki, sona çatdırılıb. Bildiyiniz kimi, 2018-ci ildə Bakıda Cənubi Qaz Dəhlizinin açılışı, daha sonra Türkiyədə TANAP layihəsinin açılışı həyata keçirilib. Hazırda Cənubi Qaz Dəhlizinin sonuncu hissəsi olan Transadriadik borusu üzərində işlər davam edir və orada icra vəziyyəti müsbətdir. Bu gün layihə 85% icra olunub".

Nazirin sözlərinə görə, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yekunlarına dair birgə Bəyənnamə də imzalanıb. İştirakçı ölkələr birgə bəyənata qoşularaq Cənub Qaz Dəhlizinə ös dəstəklərini bir daha nümayiş etdiriblər: "Onu da qeyd etmək lazımdır ki, birgə sənəd vasitəsilə ölkələr öz aralarında strateji əməkdaşlıq səviyyəsində olan münasibətləri bir daha vurğulayıblar. Sözsüz ki, birgə Bəyənnamə vasitəsilə Azərbaycanın bu layihədəki rolu bir daha təsdiq olunub".

Günay Elşadqızı / METBUAT.AZ

Foto: İdrak Mustafayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı