23 fevralın gizli MESAJI: Milli Şura Azərbaycana müdaxilə zəmini yaradır?

23 fevralın gizli MESAJI: Milli Şura Azərbaycana müdaxilə zəmini yaradır?
10:03 22 Fevral 2019
125 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqinə icazə vermədi. Çünki yanvarın 19-da keçirilən icazəli mitinqdən sonra baş verənlər - ictimai asayişin pozulması, mitinq iştirakçılarının nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanini tələblərinə müqavimət göstərilməsi faktlarının araşdırılması hələ başa çatmayıb. BŞİH-nin əsas tələbi də budur ki, mitinqin təşkilatçılarının hər-hansı qanun pozuntusuna yol verilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər. Təcrübə göstərir ki, təşkilatçılar mitinq öncəsi belə öhdəliklər götürsə də, sonra baş verənlər bunun əksini göstərir.

Milli Şura mitinqə icazə verilməməsinə daha çox siyasi çalarlar qatır, hərçənd, 19 yanvar mitinqindən sonra “hər şeyi biz etdik” iddiası fonunda bu, o qədər də gözlənilməz deyil.

Burada diqqət çəkən əsas məqam Milli Şuranın mitinqi niyə 23 fevral tarixinə təyin etməsi idi. Bu tarix şənbə gününə düşür və mitinqlərin adətən həftəsonu keçirilməsi təcrübəsi baxımından normal qarşılana bilər. Lakin sonuncu mitinq 19 yanvarda keçirilmişdi, həmin tarixdən 1 aydan çox vaxt keçib və bu müddətdə 4 həftəsonu olub. Niyə öncə, yaxud sonra deyil, ya məhz bu tarix seçildi?

23 fevral tarixi Sovet ordusunun yaranması günüdür və SSRİ-də “kişilər günü” olaraq qeyd olunurdu. SSRİ dağılandan sonra post-sovet ölkələrində, o cümlədən müstəqilliyini bərpa edən Azərbaycanda 23 fevral tarixinin “kişilər günü” kimi qeyd olunması ənənəsi aradan çıxdı. Yalnız SSRİ-nin varisi olmağa iddia edən Rusiyada bu tarix saxlanılır. Milli Şuranın bu tarixə mitinq təyin etməsinin nə dərəcədə təsadüfdür?

... 24 avqust 2013-cü il: Milli Şuranın iclasında Cəmil Həsənli Milli Şuranın prezidentliyə vahid namizədi seçildi. Həmin iclasda aparılan müzakirələr, xüsusilə Əli Kərimlinin müavinlərindən birinin “kim gəlirsə, gəlsin, təki bu iqtidar hakimiyyətdən getsin” ifadəsi yadda qaldı. Məqsəd Azərbaycanda hakimiyyətin dəyişilməsi idi və Milli Şura bunun üçün Rusiyaya üz tutmuşdu. Milli Şura da Rusiyada Azərbaycana qarşı qüvvələrin dövriyyəyə saldığı “Milyarderlər ittifaqı”nın tövsiyəsi ilə yaradılmışdı. Vahid namizəd kimi məhz Rusiyada yaşayan Rüstəm İbrahimbəyov göstərilirdi, lakin onun ölkəyə gələ bilməməsi Cəmil Həsənlinin önünü açdı. Seçkilərdə nə Milli Şuranın, nə də “Milyarderlər ittifaqı”nın Azərbaycanla bağlı planları baş tutmadı, daha sonra Vladimir Putinin Bakıya səfəri və Azərbaycan-Rusiya əlaqələrinin inkişafı Moskvanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək niyyətində olmadığını göstərdi. Bu, həm də Milli Şuranın iqtidara gəlmək planlarının alt-üst olması idi.

2013-cü ildən sonra Əli Kərimlinin “tək lider” oyunları Milli Şuranın daxildən parçalanması ilə nəticələndi. Azərbaycan müxalifətində aktivlik yerini ətalətə verdi və 19 yanvar mitinqinə qədər demək olar ki, elə bir tərpəniş hiss olunmurdu. Və çox maraqlıdır ki, təkcə AXCP-dən ibarət olan və sədr Cəmil Həsənli də daxil olmaqla hər kəsin Əli Kərimli tərəfindən idarə olunduğu Milli Şura yenidən aktivləşdi.

19 yanvar: Sovet ordusunun Bakıya hücum üçün kazarmalardan çıxdığı tarixdir. Milli Şura bu tarixdə mitinq keçirdi.

23 yanvar: Sovet ordusunun yaranması günüdür və Milli Şura məhz bu gün mitinq keçirmək qərarına gəldi.

Nə baş verir, 2013-cü ildə “Milyarderlər ittifaqı”nın dəstəyi ilə yaradılan Milli Şura 6 il sonra Rusiyaya hansı mesajı verir?

Azərbaycan-Rusiya münasibətləri normal atmosferdə davam edir və bu gün Moskvanın Bakının daxili məsələsinə qarışmaq istədiyi ehtimalı olduqca zəifdir. Xüsusilə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiya üçün regionda Azərbaycanın əhəmiyyəti artıb. Bu mənzərə fonunda Milli Şuranın Rusiyaya verdiyi mesajı necə oxumalıyıq?

- Mümkündür ki, Əli Kərimli vaxtilə Milli Şuranın arxasındakı “Milyarderlər ittifaqı”nı yaradan qüvvələrə “mən yenidən qulluğunuzda hazıram” mesajını verir.

- Rusiyadan Azərbaycana ola biləcək hər-hansı müdaxilədə indidən öz cəbhəsini müəyyənləşdirir.

Burada diqqət çəkən məqamlardan biri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun son müsahibəsində “Müxalifətin “5-ci kolonu” Rusiyanın Azərbaycanda müdaxiləsi üçün şərait hazırlayır” sözləri diqqət çəkir. 2013-cü ildə “Milyarderlər ittifaqı”nın Moskvadan Bakıya göndərdiyi emissar S.Cəlaloğlunu da oyunun içinə daxil etmək istəsə də, o razılaşmamışdı və ADP sədri Azərbaycana qarşı təhlükəli oyunun alt-üst edilməsində vətəndaş mövqeyindən çıxış etmişdi. Bu tarix fonunda inandırıcıdır ki, onun müxalifət daxilində müəyyən qüvvələrin Azərbaycana müdaxilə planlarında yer aldığı haqqında dediyi sözlər realdır. Beləliklə, Milli Şuranın 23 fevral mitinqinin mesajı daha aydın görünür.

Publika.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/270406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR