Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Suraxanı rayonunda yerləşən 280 saylı tam orta məktəbdə icra olunan “Hashtag #KARABAKH” adlı fərdi layihənin ilk təlimi keçirilib.

Metbuat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məzahir Əhmədov layihənin vacib məqamlarından söz açaraq layihə haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra layihənin təlimçisi Sona Ağazadə ermənilərin təcavüzkarlığı haqqında danışıb, Ermənistanın məqsədli şəkildə məkirli və hiyləgər planla Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Sona Ağazadə qeyd edib ki, Azərbaycan heç bir zaman öz tarixi torpaqlarından vaz keçən deyil. Xalqımız inanır ki, aparılan məqsədyönlü və düzgün xarici siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəkdir.

Sonda layihə iştirakçılarının sualları cavablandırılıb və həmin suallar əsasında diskussiyalar aparılıb.