Bakı, 4 may, AZƏRTAC
Türkiyənin “TRT Haber” televiziya kanalı “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı geniş reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakıda hazırlıq işlərinin yekunlaşdığı bildirilib. Vurğulanıb ki, nəhəng idman obyektlərinin əksəriyyəti artıq istifadəyə verilib və Bakı turistləri, idmançıları qəbul etməyə hazırdır. Reportajda, həmçinin birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu görüntülər nümayiş etdirilib. Süjetdə Prezident İlham Əliyevin məşəlin alovlandırılması mərasimindəki çıxışına da geniş yer verilib, Atəşgah məbədindən start götürən birinci Avropa Oyunlarının məşəl estafetindən bəhs olunub. Dövlətimizin başçısının ilk Avropa Oyunlarının idman və dostluq bayramına çevriləcəyi barədə fikirləri süjetdə xüsusi diqqətə çatdırılıb.
Bu mötəbər tədbirin xarici ölkələrdə təqdimat mərasimlərinə də toxunulan reportajda “Bakı-2015”in hazırlıq işlərində, eləcə də təbliğində Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rolu xüsusi vurğulanıb. Bildirilib ki, hazırlıq prosesində Oyunlarla bağlı ən xırda detallar belə nəzərə alınıb. Bəzi qüvvələrin qərəzli mövqeyinə baxmayaraq, Azərbaycan ilk Avropa Oyunlarını keçirməklə daha bir böyük uğura imza atmağa hazırlaşır.