"Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 5,1 milyard manat dəyərində olan 35 mindən artıq sahibkarlıq subyektinin layihəsinə 2,3 milyard manat dövlətin güzəştli krediti verilib".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Nazir müavini qeyd edib ki, bu kreditlərin əsas hissəsi məhz geri qaytarılan vəsaitlər hesabına təmin olunub:

"Bu da onu göstərir ki, real sektora qoyulan investisiyalar artıq öz nəticəsini verməkdədir. Yəni növbəti layihələrin maliyyələşdirilməsi məhz geri qaytarılan vəsaitlər hesabına təmin olunur".

Sahib Məmmədov bildirib ki, Sahibkarlığın İnkişafı Fondu dövlətin güzəştli kreditlərini müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlarımıza çatdırır: "Burada əsas banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları korrespondent təşkilatlar kimi fəaliyyət göstərir. Sahibkarlarımız qeyd olunan müvəkkil kredit təşkilatlarına müraciət edirlər və onların layihələri müsbət qiymətləndirildiyi halda Sahibkarlığın İnkişafı Fonduna təqdim olunur. Fondda həmin layihələr ekspertizadan keçirilir və maliyyələşmə ilə bağlı müvəkkil kredit təşkilatlarına rəy bildirilir. Bundan sonra sözsüz ki, layihələrin maliyyələşdirilməsinə başlanılır. Bu mərhələdə əlbəttə dövlətin güzəştli kreditlərinin təyinatı üzrə icrasına nəzarət həmin müvəkkil banklar tərəfindən Sahibkarlığın İnkişafı Fondu ilə həyata keçirilir. Sözsüz ki, bu da nəticədə səmərəliliyin artırılmasına, təyinatı üzrə vəsaitlərin xərclənməsinə nəzarət formasıdır".

Günay Elşadqızı / METBUAT.AZ