"Mən çox çətin və nadir hallarda aşiq olan, amma sevməyi bacaran insanlardanam" - Günay Yelmarqızıdan İNANILMAZ cavablar

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın tanınan simalarına ünvanlayaq.


Müsahibimiz Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızıdır.

- Ürəyimizə yiyəlik edən, ruhumuzu qaplayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz bərk sevirsiz yoxsa, necə?

    - Bəzi sevgilərin bədəli çox ağır olur demək ki. (Gülür)

    Kandid ona görə 20 təpik yemişdi ki, baron nəslindən olan qızı sevirdi və aşağı təbəqə nümayəndəsi saydıqları üçün qızı Kandidə layiq görmürdülər. Sevgilisini bircə dəfə öpməsi Kandidin malikanədən qovulması ilə nəticələnmişdi. Amma Kandid heç bir halda o qızı sevməkdən vaz keçmədi. Hətta sevgilisinin zorlanaraq işgəncə verildiyini eşidəndə belə bu, hisslərinə zərrəcə təsir etmədi. Amma bu gün müasir dünyada, müasir cəmiyyətlərdə sevgilisi nə bilim balkondan baxdığı üçün, ya da təsadüfən telefonuna yanlış bir mesaj gəldiyi üçün belə onu acımadan qətlə yetirən kişilər var. Dünyanın ən gözəl hissi olan sevgi ona görə iyrənc nəticələr doğurur ki, onun qarşısında məhz insanın yaratdığı mənasız maneələr olur. Kandidin timsalında bu sosial təbəqələşmənin gətirdiyi faciələr idi. Təəssüf ki, elə günümüzdə də bu səbəbin – oğlan yaxud qızın ailəsi statusca uyğun gəlmədiyi üçün məhv etdiyi böyük sevgilər var. Və digər çoxlu səbəblər. Amma bütün səbəblərin kökündə insan amili dayanır. Yəni, bütün xoşbəxtliklərin də, bədbəxtliklərin də səbəbkarı insandır. Çünki, sevgini yaşatmaqdansa onu öldürən mənasız səbəblərin də, maneələrin də, səddlərin də müəllifi insandır. O ki, qaldı mənə, etiraf edim ki, mən çox çətin və nadir hallarda aşiq olan, amma sevməyi bacaran insanlardanam . Əsas məsələ doğru insana rast gəlməkdir.


    - Sevgi öldürməyə qadirdir?

    - Mən sevginin öldürməyinin yox, yaşatmağının tərəfdarıyam doğrusu. Onun mahiyyəti yaşatmaqdı çünki. Sevgi əməkdir, fədakarlıqdı, amma əsla öldürən olmamalıdır. Öldürən sevgini zəif və aciz hesab edirəm mən. Bu həyatda öldürməyə qadir və layiq olan tək sevgi Vətən sevgisidir - uğrunda ölməyə dəyən yeganə sevgi.


    - Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq sadəcə istəkləmi törəyir?

    - Mənim üçün azadlıq məsuliyyətdir. Özbaşınalıq deyil. Azadlıq insanın haqqıdır. Ancaq onu özbaşınalıqla qarışdıranda insanın faciəsi başlayır. Məncə, hər bir insanın azadlığının sərhədləri var və olmalıdır. Mənim də azadlığımın çərçivəsi var – bunu mən özüm müəyyənləşdirmişəm. Mən azadlığımın sərhədlərini bilirəm.


    - Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

    - Kandidin Eldoradosu gözəl ölkədir. Orada insanlar nifrətlə yaşamır. Orada insanların həyat tərzi ali duyğulardı. Sizin dediyiniz o yeni dünya insanların beynində, düşüncəsindədir. Yaxşı dünya da, pis dünya da insanın məhsuludur. Volterin də dediyi kimi Təbiət insanı yırtıcı yaratmır, insan özü bunu istədiyi üçün yırtıcıya çevrilir.


    - Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

    - Dünyada bərabərlik mövcud olsaydı hər 3,5 saniyədə bir uşaq aclıqdan öldüyü halda, Qərbdə insanlar toxluqdan ölməzdi.


    - Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı, sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

    - Ölüm acizlərin seçimidir. İnsan həyata gəlibsə onun ilk vəzifəsi yaşamaqdır. Məncə yaşamaq insanın yer üzündəki çox məsuliyyətli bir missiyadıdır. Və nə olur olsun yaşamaq gözəldir.


    - Başqalarının gözəllik tapdığı yerdə əyər və əskiklikn axtarmağın adı və dadı nədir?

    - Həyat sevgisi olan insan hər şeydə bir gözəllik axtarır. Başqalarının gözəllik tapdığı yerdə əskiklik axtarmaq çirkinlikdir. İnsan nəyə necə baxırsa elə görür. Hər şeydə gözəllik tapmaq mümkündür. Bu həm də ümiddir. Hər şeyin daha yaxşı olacağına inanmaq istəydir.


    - Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

    - Mən əsla faciələrə maraqla tamaşa edə bilmərəm. Bu, bir insan kimi məni ağrıdır. Faciələri oxuyanda isə təsirindən uzun müddət çıxa bilmirəm.


    - İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, iki üzlü olmuşlar?

    - Bu insanın yaranışdan bu günədək dəyişməyən özəlliyidir. Əvvəl də belə olub, indi də belədir və yəqin ki, gələcəkdə də belə olacaq. Təəssüf ki...


      - Kandid olmağa nə mane olur sizə?

      - Siz Volterin Kandidinə çox da etibar etməyin. O özü etiraf edirdi ki, bu əsəri bekarçılıqdan yazıb. Zarafat bir yana. Mənim üçün bu əsər ötürdüyü mesaja görə önəmlidir. Volter “Kandid”i ilə nifrətə meydan oxuyur. Çağırış edir ki, insan qəlbi sevgiyə məhkumdur, nifrətdən uzaq olmalıdır. Bəşəriyyətin xilası nifrət duyğusuna qalib gəlməkdən keçir. Mən də insanların nifrətlə yaşamadığı bir dünya istəyirəm.


      Hazırladı:

      Tural İsmayılov


      Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
      0552252950 (Whatsapp)

      BU LAYİHƏNİN DİGƏR YAZILARI

      Media Savadlılığı