Ağac tinglərinin paylanılması ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır
Metbuat.az xəbər verir ki, ETSN tərəfindən vətəndaşlara təmənnasız ağac tinglərinin paylanması aksiyası davam edir. Müşahidələr göstərir ki, əhali bu tədbirə böyük maraq göstərir və az bir vaxt içərisində minlərlə ting götürülüb. Ağac tinglərinin paylanılmasında yaranan belə kütləvilik haqlı bir sual yaradir: paylanılan tinglərin hamısı əkilirmi və buna nəzarət mümkündürmü?
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bununla bağlı bildirib ki, vətəndaşlara paylanılan ağac tinglərinin, ümid edirik ki, hamısı əkilir. Hər halda tinglər, əkilmək üçün götürülür. Payladığımız ağacların 60-70 faizi belə əkilərsə və bitiş olarsa bunun özü yüksək bir göstəricidir, məncə.
Ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün, hesab edirəm ki, yaxsi bir stimuldur. Məqsədimiz ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və insanlarda təbiətə səmimi münasibət formalaşdırmaqdır. Bu da ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır.
Onu da qeyd edim ki, paylanılan ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır. Regionlarda əsasən meyvə tingləri paylanır ki, bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq.
İnanmıram ki, ağac əkən kəs ağac kəsməyə meylli ola, əksinə ağac kəsmək istəyənə mane olar. Ümid edirik ki, hər kəs tərəfindən ağacların əkilməsi, qorunması getdikcə daha kütləvi xarakter alacaq və bu ənənə yaddaşlarda həkk olunacaq.