Bakı 2015 Avropa Oyunlarının könüllüləri "Alov Qoruyanlar" adlandırılacaqlar - FOTO

Bakı 2015 Avropa Oyunlarının könüllüləri "Alov Qoruyanlar" adlandırılacaqlar - FOTO
09:12 15 Yanvar 2015
499 İdman
Ölkə mətbuatı
A- A+

Dünən Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İlk Avropa Oyunlarında könüllülərin “Alov Qoruyanlar” (Flamekeepers) kimi tanınacaqlarını elan edib.

Bu ad yarış ruhunun təbliğində könüllülərin mərkəzi rolunu əks etdirir və eyni zamanda, Odlar Yurdu Azərbaycana olan hörməti, Azərbaycan xalqının həyəcanını və mehribanlığını tərənnüm edir.

Trend bildirir ki, Azərbaycan Respublikasının Gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Avropa Oyunlarının könüllü proqramı gənclərin Bakı 2015 Avropa Oyunlarına qoşulması və beynəlxalq arenada Azərbaycanı dəstəkləməsi üçün gözəl imkan yaradır.”

“Bizim bütün “Alov Qoruyanlar”ımız Azərbaycanda böyük multi-idman yarışının keçirilməsi sahəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və çox mühüm təcrübə qazanacaqlar”.

Oyunlar üçün könüllülərin cəlb olunması prosesi davam edir və 16000-dən çox könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçmişdir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi həftəlik əsasda yüzlərlə müsahibələr aparır və iyun ayının 12-si Oyunlar başlayana qədər 12500 nəfər könüllünü işlərə cəlb edəcək.

“Alov Qoruyanlar” Oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara və ya media nümayəndələrinə dəstək göstərəcəklər.

Azərbaycan Gənclər Fondunun İcraçı direktoru və Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin üzvü cənab Fərhad Hacıyev söyləyib: “Birinci Avropa Oyunlarında iştirak etmək və bütün Avropanı Bakı şəhərində salamlamaq imkanı Azərbaycan xalqı üçün çox gözəl və önəmli bir fürsətdir”.

“Biz Avropanın ən gənc xalqlarından biriyik və “Alov Qoruyan” olmaq gənclərimizə ölkəmizin qonaqpərvərliyi və idman entuziazmına töhfə vermək üçün gözəl imkan yaradacaq”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq qeyd edib: “İstənilən böyük multi-idman oyunlarında idmançılar yarışın ürəyi və könüllülər isə ruhu hesab olunurlar”.

“Alov Qoruyanlar” bu yay Bakı 2015 Avropa Oyunlarının möhtəşəm idman bayramına çevrilməsinə kömək göstərəcək və daimi bir irs yaradacaqlar. Bu irs sayəsində Azərbaycan gələcəkdə bir sıra böyük beynəlxalq yarışlara ev sahibliyi edən zaman könüllü atəşini alovlandıracaq”.

“Alov Qoruyanlar” Avropanın birinci multi-idman yarışlarına verəcəkləri töhfənin əvəzində yarış obyektlərinə pulsuz nəqliyyat xidməti, uniforma, qida və Bakı 2015 könüllü proqramının Rəsmi Tərəfdaşı olan Nar Mobile tərəfindən verilən SIM-kartdan yararlanacaqlar.

Qeyd etmək istərdik ki, Nar Mobile Bakı 2015-in rəsmi mobil telekommunikasiya xidməti təminatçısıdır və könüllülərin cəlb olunması üçün Oyunların reklam, sosial media kanalları, mətn məlumatlarının ötürülməsi xidməti və bir neçə qısa film vasitəsilə təbliğ edilməsinə də kömək göstərəcək.

Bakı 2015 könüllü proqramı ərizələri təqdim etmək üçün açıqdır və daha ətraflı məlumat www.baku2015.com saytından əldə oluna bilər.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Kamandan oxatma, Atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR