Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Çövkən - qədim atüstü Qarabağ oyunu” mövzusunda ötən ilin sentyabrında elan olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev yeni nəslə tariximizi, milli adət-ənənələrimizi lazımi şəkildə çatdırmaq üçün aktual mövzularda yazılan tədqiqat əsərlərinin, məqalələrin əhəmiyyətindən danışıb. Bu sahədə ən çətin məsələlərdən biri kimi xaricdə təbliğat üçün kifayət qədər güclü ədəbiyyat çatışmazlığını vurğulayan nazir deyib: “Böyük keçmişi olan ölkəmizin tarixi və mədəni irisi haqqında hələ yetərincə yazılı nümunələr yoxdur. Bu problemlər hamımızı düşündürməlidir. Biz digər ölkələrlə müqayisə aparanda görürük ki, onların təqdimatları müxtəlif yazılı mənbələrə söykənir. Tariximizi layiqincə təbliğ edib yaşatmalıyıq. Tarixi abidələrimizi, xalq yaradıcılığı nominasiyalarımızı UNESCO-ya təqdim edərkən ekspertlər tədqiqatlara başlayırlar və bu zaman yetərincə araşdırma və məlumatların olmadığını görürük. Bu səbəbdən də belə müsabiqələrin keçirilməsi ədəbiyyatımızı və tariximizi zənginləşdirir”.
Sonra müsabiqə qalibləri mükafatlandırıldılar. Məlumat verilib ki, müsabiqəyə 20 yazı təqdim olunub. Birinci yerə Nadir Rəhimli (“Qarabağda top Çövkən”), ikinci yerə Mehdi Mükərrəmoğlu (“Qarabağın çövkən oyunu UNESKO-nun qeyri-maddi mədəni irs siyahısında”), üçüncü yerə isə Şakir Məmmədli (“Çövkən oyununun əlamətləri qayaüstü rəsmlər və xalçalarda”) layiq görülüb.
Qaliblər müsabiqənin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildirdilər.