Berlin, 7 may, AZƏRTAC
AFR prezidenti Yoaxim Qauk nasist düşərgələrində milyonlarla sovet hərbi əsirinin öldürülməsini nasist rejiminin ən böyük cinayətlərindən biri adlandırıb. Y.Qauk çərşənbə günü, mayın 6-da Şlos –Xolte-Ştukenbrok şəhərində sovet əsgərlərinin məzarı önündə keçirilmiş matəm mərasimində deyib: “Qızıl ordunun milyonlarla əsgəri alman əsirliyində son dərəcə ağır işgəncələrə məruz qalıb: onlar xəstəliklərdən və aclıqdan əzab çəkiblər, vəhşicəsinə öldürülüblər”.
Federal prezident deyib: “Biz burada durub həmin dəhşətli ədalətsizliyi və bütün sivilizasiya normalarının pozulmasını xatırlayırıq”. O xatırladıb ki, alman düşərgələrində Qərb ölkələri hərbi əsirlərinin yalnız üç faizi qırılıbsa, 5,3 milyon sovet hərbi əsirinin yarısından çoxu həlak olub.
Yoaxim Quk qeyd edib ki, bu, insanlara böyük fərq qoyulduğunu təsdiq edir, çünki onun sözlərinə görə, Qərbdəki müharibədən fərqli olaraq Şərqdəki müharibə lap əvvəldən məhv etməyə və qırmağa yönəldilmiş müharibə olub. AFR prezidenti bildirib kli, vermaxt Adolf Hitlerin müvafiq əmrlərini dəqiq yerinə yetirirdi”. O deyib: “Ağır və ən ağır cinayətlərdə Vermaxt da təqsirkardır”.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin