Bakı, 8 may, Türkan Abdullayeva, AZƏRTAC
Mayın 8-də - Şuşanın erməni silahlıları tərəfindən işğalının 23-cü ildönümü günündə Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş, gənc rejissorlar Amil Məmiyevin “Qara bağ” və Ayşad Səfərəliyevin “İnikas” qısametrajlı bədii filmlərinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə bu günün müasir tariximizə qara hərflərlə yazıldığını söyləyib. O, rejissorlarımızın müxtəlif vaxtlarda Qarabağ mövzusuna müraciət edərək tam və qısametrajlı filmlər çəkdiklərini diqqətə çatdırıb. Almaz Sultanzadə hər iki qısametrajlı filmin nazirliyin dəstəyi ilə çəkildiyini bildirib.
Mərasimdə çıxış edən Amil Məmiyev və Ayşad Səfərəliyev filmləri haqqında fikirlərini bölüşək bu işdə dəstək göstərənlərə və yaradıcı heyətə təşəkkürlərini bildiriblər.
Sonra filmlər nümayiş olunub.
Dram janrında olan filmin adının “Qara bağ” olması heç də təsadüfi deyil. “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır. Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr bu düyünlər vasitəsilə filmin ümumi kontekstinə köçürülüb. Filmdə məcburi köçkünlərin hazırkı yaşayışı, Qarabağ həsrəti bir sıra metaforik simvollarda əksini tapır. Çəkilişlər Bakı şəhərində və Hacıqabul rayonunun Qızıl Burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.
“Qara bağ” filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfər və başqaları çəkiliblər.
“İnikas” bədii filmi SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir.
Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova kimi aktyorlar çəkiliblər.
Qeyd edək ki, “İnikas” filmi IV “Qırğızıstan - qısametrajlı filmlər ölkəsi” Beynəlxalq film festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.