“Şəmkir Regional Elektrik Təchizat” müəssisəsi üzrə cari ilin 10 ayı ərzində 494 mln. kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib.

Ötən ilin müvafiq dövründə isə bu göstərici 524 mln. kilovatsaata yaxın olub, elektrik enerjisinin istehlakı 30 mln. kilovatsaat azalıb. “Azərenerji” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu dövrdə ümumi ödəniş 91%-ə yaxın olub ki, bu da ötən ilin müvafiq dövründən 14% çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 171,4 mln. kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründən 41,2 mln. kilovatsaat azdır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9%-ə yaxın artaraq 80%-dən artıq olub.

Qeyd edək ki, cari ilin oktyabrında müəssisənin xidməti ərazilərində istehlakçılara 47,4 mln. kilovatsaatdan artıq elektrik enerjisi ötürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 645 min kilovatsaat azdır. Ümumi ödəniş isə ötən ilin oktyabr ayı ilə müqayisədə 17%-ə yaxın artaraq 98%-ə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 14,9 mln. kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 10%-ə yaxın çoxdur. Ödəniş isə 94%-ə yaxın olub. Artım 22 min manatdan çox və yaxud da 3%-ə yaxındır.

Oktyabr ayının yekunlarına əsasən, ümumi istehlak edilmiş elektrik enerjisinin ödəniş faizi ən yüksək Şəmkir PEŞ-də, ən aşağı isə Gədəbəy PEŞ-də olub. Belə ki, bu PEŞ-lərdə yığım faizi müvafiq olaraq (ötən ayların debitor borcları nəzərə alınmaqla) 100,1% və 71,9% olub.

Xatırladaq ki, “Şəmkir Regional Elektrik Təchizat” müəssisəsi Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy Paylayıcı Elektrik Şəbəkələrini əlaqələndirir.

Nigar Məmmədli