Bakı, 10 may, Ceyhun Rüstəmov, AZƏRTAC
Mayın 10-da Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsinə öz ehtiramını bildirən Bakı şəhər sakini Məmməd Məmmədov ürək sözlərini AZƏRTAC ilə paylaşıb. O bildirib ki, Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifahı naminə tarixi işlər görüb.
“Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir”, - deyən M.Məmmədov qeyd etdi ki, dahi rəhbərin siyasəti uzun illər davam edəcək və Azərbaycan dövlətinin tərəqqisinin sarsılmaz təminatı olacaq. Bu gün müstəqil Azərbaycanın inkişafı Ulu Öndərin ideyalarına söykənir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, qəbul olunmuş Dövlət proqramlarının müvəffəqiyyətlə icrası respublikamızın bütün regionlarının hərtərəfli inkişafını təmin edib.
Hər il mayın 10-da Fəxri xiyabana gəldiyini deyən M.Məmmədov ziyarətçilər arasında gənclərin çoxluq təşkil etməsinin sevindirici hal olduğunu vurğuladı.