Nərimanov rayonunda Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi qeyd edilib

Nərimanov rayonunda Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi qeyd edilib
19:23 10 May 2015
153 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, AZƏRTAC
Mayın 9-da Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi ilə əlaqədar təntənəli bayram tədbiri keçirilib.
Böyük Vətən müharibəsi veteranları, Milli Məclisin deputatları, MDB ölkələrinin ölkəmizdəki səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilər, gənclər, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın dövlət himninin səsləndirilib və Böyük Vətən müharibəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündən fəxri keçidi olub.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif olunub.
A.Fərzəliyev xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini vurğulayıb, şanlı Qələbəyə Bakı neftinin töhfəsinin də əvəzsiz olduğunu söyləyib.
O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını, məhz Ulu Öndərin diqqət və qayğısı nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqlarının özlərinə qaytarıldığını diqqətə çatdırıb.
A.Fərzəliyev, həmçinin bildirib ki, Ulu Öndərimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirdiyini xüsusi qeyd edib. Səfir Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasında verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandırıb.
Milli Məclisin deputatı Rasim Musabəyov, Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədri, general-mayor Dadaş Rzayev çıxış edərək faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində veteranlara göstərilən dövlət qayğısından danışıblar, veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etdiyini, zəngin təcrübələrini onlarla bölüşməkdən əsirgəmədiyini bildiriblər.
Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər. Daha sonra kompleksdə dəfn olunmuş əsgər və zabitlərin məzarları ziyarət olunub.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nerimanov_rayonunda_Boyuk_Veten_muharibesinde_fasizm_uzerinde_Qelebenin_70_illik_yubileyi_qeyd_edilib-854001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR