İranın dövlət televiziya və radiosu xarici ölkələrdəki nümayəndəliklərini bağlayır

İranın dövlət televiziya və radiosu xarici ölkələrdəki nümayəndəliklərini bağlayır
09:57 16 Yanvar 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+

İran Dövlət Televiziya və Radio Təşkilatında struktur dəyişikliyi və islahatlar çərçivəsində təşkilatın xarici ölkələrdə yerləşən və effektiv fəaliyyət göstərməyən nümayəndəlikləri bağlanır. Bu barədə Trend İranın "Tabnak" xəbər saytına istinadən məlumat verir.

Sayta bildirilib ki, dünyanın müxtəlif ölkələrində İran Dövlət Televiziya və Radio Təşkilatının nümayəndəlikləri külli miqdarda vəsait hesabına fəaliyyət göstərir, lakin onlardan bəziləri effektiv fəaliyyət göstərmir.

"Tabnak"ın yazdığına görə, təşkilat İran üçün önəmli olan dörd əsas ölkədə - ABŞ ( Nyu-York), Britaniya (London), Suriya (Dəməşq) və İraqda (Bağdad) öz nümayəndəliklərini saxlayır, digər nümayəndəliklərini bağlayır.

Qurum qərara alıb ki, bundan sonra digər ölkələrdə baş verən proseslər ya "Əl-Aləm" və "PressTV"-nin kadrlarından istifadə etməklə, ya da hadisə baş verən ölkələrin yerli televiziya kanallarına istinadən işıqlandırılacaq. Təşkilat bəzi vaxtlarda hadisə baş verən ölkələrə çəkiliş qrupları göndərə biləcəyini də açıqlayıb.

Qeyd edək ki, bir müddət öncə İranın ali lideri ayətullah Əli Xamenei Dövlət Televiziya və Radio Təşkilatına yeni sədr təyin edib. Ali liderin sərəncamına əsasən, Məhəmməd Sərəfraz son 10 ildə bu təşkilata başçılıq edən İzzətullah Zərqamini əvəz edib. Yeni sədr işə başlayandan sonra kanalın rəhbərliyində çalışanlar kütləvi şəkildə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Struktur dəyişikliyi və islahatlar çərçivəsində təşkilata daxil olan bir neçə kanal ləğv edilib və digər kanalla birləşdirilib.

İran KİV-in məlumatına görə, M.Sərəfraz işə başladığı gündən Dövlət Televiziya və Radio Təşkilatında əsaslı islahatlara əl atıb. Bəzi KİV-lər bunu "İslam İnqilabından sonra görünməmiş islahatlar" adlandırıb.

İran Dövlət Televiziya və Radio Təşkilatının Azərbaycanda nümayəndəliyi 1992-ci ildən fəaliyyət göstərir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR