Bakı, 12 may, Nihat Budaqov, AZƏRTAC
Körfəz Əməkdaşlıq Şurasına (GCC) üzv altı ölkənin nümayəndələri neftin qiymətlərinin ucuzlaşması nəticəsində bölgədə əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi layihəsi ilə bağlı işləri sürətləndirmək üçün ilkin razılığa gəliblər.
AZƏRTAC Küveyt Xəbərlər Agentliyinə (KUNA) istinadla xəbər verir ki, Küveytin maliyyə naziri Ənəs əl Saleh Şuranın Maliyyə və İqtisadi Əməkdaşlıq Komitəsi tərəfindən Dohada keçirilən toplantıda üzv ölkələr tərəfindən ƏDV-nin tətbiqinə dair ilkin sənəd formasının qəbul edildiyini deyib. Neft ixrac edən körfəz ölkələri arasında çox tez-tez səyahətlərin reallaşdırıldığı üçün ölkə rəsmiləri ƏDV-nin tətbiqi ilə milyardlarla dollarlıq qaçaqmalçılığın da qarşısının alınacağını düşünürlər.
Küveytin maliyyə naziri ƏDV-nin nə vaxt tətbiq ediləcəyi və vergi rüsumunun nə qədər olacağı barədə məlumat verməyib.