SOCAR-ın Türkiyədə həyata keçirdiyi biznes fəaliyyətinin böyük hissəsi “Petkim”in inkişafı ilə bağlıdır

19:33 12 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, Samirə Quliyeva, AZƏRTAC
SOCAR-ın Türkiyədə həyata keçirdiyi biznes fəaliyyətinin böyük bir hissəsi qardaş ölkənin neft-kimya nəhəngi olan “Petkim”in inkişafı ilə bağlıdır.
Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev mayın 12-də Bakıda keçirilən B20 Azərbaycan Regional Məsləhətləşmə Forumunda çıxışında bildirib.
SOCAR prezidenti qeyd edib ki, Petkim yarımadasında neft emalı-neft kimyası-enerji-logistika inteqrasiyası çərçivəsində həyata keçirilən iri maliyyə tutumlu “Value-site” layihəsi nəticəsində 2023-cü ildə “Petkim”in Türkiyə bazarındakı payını 40 faizə çatdırmaq niyyətindəyik. Hazırda Türkiyədə “Star” neft emalı zavodunun inşası uğurla davam etdirilir. İldə 10 milyon ton neft emal edəcək bu zavodun tikilməsi ilə Türkiyənin idxal kəsiri azalacaq, “Petkim”in xammala ehtiyacının ödənilməsində dönüş yaranacaq. Petkim yarımadasındakı yük limanının genişləndirilməsi daha bir iri layihəmizdir. Mərhələlərlə 2015-2016-cı illərdə tamamlanmasını nəzərdə tutduğumuz bu liman Egey bölgəsində ən böyük konteyner limanı olacaq. Biz, eyni zamanda, “Petkim”in enerji ehtiyaclarını təmin etmək məqsədi ilə yarımadada elektrik stansiyasının tikilməsini də nəzərdə tuturuq. 2008-2014-cü illər ərzində SOCAR tərəfindən “Petkim”ə 2 milyard 200 milyon ABŞ dolları həcmində sərmayə qoyulub. Qarşıdakı 7-8 il müddətində isə 10 milyard dollarlıq vəsait qoyuluşu planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_in_Turkiyede_heyata_kechirdiyi_biznes_fealiyyetinin_boyuk_hissesi_Petkimin_inkisafi_ile_baglidir-854360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR