“Şəhidlər ölməz, Vətən bölünməz” Biləsuvarda

15:28 16 Yanvar 2015
159 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin imzaladığı “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisinin, Mərkəzin Qadınlar Şurasının, “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin, Şəhid Anaları Mərkəzinin birgə layihəsi çərçivəsində Biləsuvar rayonunda görüşlər olub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin Biləsuvar şəhərindəki abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi, qohumları, rayon icra hakimiyyətinin rəhbərliyi ilə görüş keçirilib, Milli Qəhrəmanın muzeyi və Şəhidlər xiyabanı ziyarət edilib.
Gənc Tamaşaçılar Teatrının redaktoru, “Bura Vətəndir” Məclisinin sədri, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova teatrda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əziz övladlarımızın xatirəsinin daim uca tutulduğunu bildirib. Qeyd edib ki, teatrın repertuarında xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası, “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində şair Fəridə Ləmanın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında “Mübarizli Vətən”, şair Şövkət İmaminin Milli Qəhrəman Gültəkin Əsgərovaya həsr etdiyi “Zirvələr fatehi Gültəkin” poeması əsasında eyniadlı ədəbi-musiqili kompozisiyalar ictimaiyyətə təqdim olunub və rəğbətlə qarşılanıb.
Görüşlərdə Şəhid Anaları Mərkəzinin sədri, professor, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi qadınlar şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Fəridə Ləman, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi, “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin sədri Xədicə İskəndərli və başqaları çıxış edərək şəhidliyin ən uca zirvə olduğunu bildiriblər. Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilmiş, kitablar, qəzet, jurnal materialları təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidler_olmez_Veten_bolunmez_Bilesuvarda-825293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR